Kirayə yolu ilə mənzil sahibi olmaq qaydaları dəyişib. Yeni qaydalara görə, öhdəliyi başqasına ötürmək üçün müqavilənin imzalanmasının üzərindən minumum 3 il keçməlidir. Öhdəliyini təkrar ötürən şəxs isə 5 il sonra yeni öhdəlik üçün müraciət edə biləcək.
Bəs bu yeni dəyişikliklər nəyə hesablanıb və müsbət-mənfi tərəfləri nələrdir?
Mövzu ilə bağlı maliyyəçi-ekspert Namiq Hüseynov bildirib ki, bu yeniliklər kirayə mənzil mexanizmindən sui-istifadə hallarının qarşısını almağa hesablanıb:
“İpoteka və Kredit Zəmanət Fondunun bu məhsulunu əldə etmək ipoteka krediti ilə müqayisədə xeyli rahatdır. Burada ilkin ödəniş tələbi azdır, kirayəçilərin gəliri ilə bağlı tələb də xeyli yumşaqdır. Dövlət xətti ilə ipoteka krediti veriləndə borcalanın ailə üzvlərinin dolanışıq və digər xərcləri nəzərə alınır, satmaq öhdəliyi ilə kirayəyə ev götürəndə isə mənzil müştərinin mülkiyyətinə keçmədiyi üçün aylıq gəlirin digər kreditlər və kirayə haqqını ödəmək üçün kifayət etməsi əsas götürülür. Odur ki, bu mexanizmdən indiyə qədər təkcə evə ehtiyacı olan vətəndaşlar deyil, işbazlar da əməlli-başlı faydalanıblar. Dövlətdən kirayəyə götürülmüş mənzillər vaxtaşırı daşınmaz əmlak bazarında təklif olunur və öhdəliyi vətəndaşlara ötürmək üçün onlardan kifayət qədər böyük məbləğlər tələb olunur. Yəni, maklerlər təkcə ilkin ödənişi və indiyə qədər həyata keçirilmiş aylıq ödənişləri tələb etmirlər. Bu cür hallara son qoymaq üçün kirayə mənzil mexanizmində qaydalar dəyişdirildi ki, dövlətin bu sosial layihəsi mənzilə əsl ehtiyacı olanlara yönəlsin”.
Ekspert qeyd edib ki, burada mənfi tərəf ancaq odur ki, dövlətdən kirayə götürmüş şəxslər iş yerini itirdikdə və yaxud gəlirləri azaldıqca bu yükü üzərlərindən dərhal ata bilməyəcəklər, 3 ilə qədər gözləməli olacaqlar:
“Eyni zamanda “evini satandan” sonra maddi vəziyyətini düzəltmiş şəxslər də bu mexanizmdən dərhal faydalana bilməyəcəklər, azı 5 il gözləməli olacaqlar. Bundan başqa, mexanizmdən faydalanmaq üçün vətəndaşın adında aktiv ipoteka krediti olmamalı, onun kredit tarixçəsi “müsbət” və yaxud “qənaətbəxş” olmalıdır. Bunlar da ona hesablanıb ki, faktiki evi olanlar əlavə olaraq dövlətdən kirayəyə ev götürməsinlər, eyni zamanda bu mexanizmə məsuliyyətli insanlar müraciət etsinlər, yəni evi əldə etdikdən sonra ödənişləri vaxtında həyata keçirsinlər”. (Plat)
TREND
- Dövlət Agentliyi: 8 ayda istehlakçıların aldadılmasına dair 17 inzibati protokol tərtib edilib
- Ombudsman XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində iştirak edib
- AQTA sədri İmişli və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
- “Biznes TV” maliyyə çətinliyi ilə üzləşib: Əməkdaşların bir hissəsi işdən ayrılıb
- Çingiz Əhmədovun kökəlməsinin səbəbi “Coca-Cola” imiş
- Mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ: Qaydalar dəyişdi – Yeniliklər nələrdir?
- Uşaqlar üçün vaksinlərə 8,3 milyon manat xərclənəcək
- “AzerTelecom”un sabiq sədri arvadını həbs etdirmişdi – Qərar ləğv olundu


