“Biznes TV” fəaliyyətinin maliyyə dayanıqlığını təmin etməkdə ciddi çətinliklərlə üzləşdiyini açıqlayıb.
24 saatlıq yayım həyata keçirən televiziyada mövcud gəlirlərlə saxlanma xərclərinin qarşılanması çətinləşib. Yaranmış vəziyyət əməkdaşların bir hissəsinin işdən ayrılması ilə nəticələnib.
Biznes TV-nin İdarə Heyətinin sədri Hikmət Məmmədov bildirib ki, məsələ yalnız bir media qurumunun maliyyə problemi kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, sahibkarlıq fəaliyyəti, iqtisadi proseslər və biznes ictimaiyyətinin gündəmini işıqlandıran ixtisaslaşmış medianın dayanıqlılığı ölkənin biznes ekosistemi baxımından əhəmiyyətlidir.
Məmmədov qeyd edib ki, kanal qısa müddətdə rəqəmsal platformalarda geniş auditoriya toplayıb və televiziyalar arasında ölkə üzrə 6-cı sıraya qədər yüksəlib. Lakin onun sözlərinə görə, auditoriyanın geniş olması təkbaşına televiziyanın maliyyələşməsi üçün kifayət etmir və dayanıqlı reklam gəlirlərinə, eləcə də alternativ gəlir mənbələrinə ehtiyac var.
Açıqlamada Azərbaycanda televiziya reklam bazarının məhdud imkanlarının ixtisaslaşmış media qurumlarının maliyyə dayanıqlığına təsir etdiyi vurğulanıb. Bildirilib ki, 2023-cü ildə Azərbaycanda televiziya reklamından əldə olunan gəlir 22,38 milyon manat, Gürcüstanda isə yayımçıların reklam gəlirləri 87,4 milyon lari olub. Bu göstəricilərin dollar ekvivalentində müqayisəsinə əsasən, Gürcüstanın televiziya reklam bazarının həcmi Azərbaycandakından təxminən 2,5 dəfə böyükdür.
Hikmət Məmmədov beynəlxalq təcrübədə də ixtisaslaşmış medianın yalnız reklam hesabına fəaliyyət göstərmədiyini diqqətə çatdırıb. O, “Bloomberg Media”nı nümunə göstərərək şirkətin gəlirlərində reklam və sponsorluqla yanaşı, abunəlik, tədbirlər, lisenziyalaşdırma və müxtəlif tərəfdaşlıqların da rol oynadığını qeyd edib.
Məmmədovun fikrincə, Azərbaycanda biznes mediasının davamlı fəaliyyəti üçün reklam bazarının imkanlarının genişləndirilməsi və bizneslə media arasında daha dayanıqlı iqtisadi münasibətlərin qurulması vacibdir.
“Biznes TV” isə fəaliyyətini davam etdirmək, auditoriyasını genişləndirmək və ölkədə biznes mediasının inkişafına töhfə vermək niyyətində olduğunu açıqlayıb. (Qaynarinfo)
TREND
- Dövlət Agentliyi: 8 ayda istehlakçıların aldadılmasına dair 17 inzibati protokol tərtib edilib
- Ombudsman XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində iştirak edib
- AQTA sədri İmişli və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
- “Biznes TV” maliyyə çətinliyi ilə üzləşib: Əməkdaşların bir hissəsi işdən ayrılıb
- Çingiz Əhmədovun kökəlməsinin səbəbi “Coca-Cola” imiş
- Mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ: Qaydalar dəyişdi – Yeniliklər nələrdir?
- Uşaqlar üçün vaksinlərə 8,3 milyon manat xərclənəcək
- “AzerTelecom”un sabiq sədri arvadını həbs etdirmişdi – Qərar ləğv olundu


