Hər bir dövlətin inkişaf səviyyəsi zəngin bilik və çoxaspektli potensiala malik elmi və təhsili ilə birbaşa əlaqəlidir. Azərbaycanın beynəlxalq aləmdə tutduğu önəmli yer, Cənubi Qafqaz regionunun aparıcı dövlətinə çevrilməsində güclü elmi potensialın böyük rolu vardır. Elmin inkişafı bütövlükdə ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilib. Azərbaycan elmi həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda böyük nüfuza malik görkəmli nümayəndələr yetişdirib.
Azərbaycanın elm, təhsil və səhiyyə sahələrinin görkəmli nümayəndələrindən biri, Azərbaycan Milli Elmlər Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının akademiki, Rusiya Elmlər Akademiyasının xarici üzvü, SSRİ Dövlət mükafatı, SSRİ Tibb Elmləri Akademiyasının akademik N.N.Petrov adına mükafatı, Polşa Tibb Elmləri Akademiyasının Albert Şvayster mükafatı laureatı, onkologiya üzrə dünyanın bir çox assosiasiyalarının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Əməkdar elm xadimi, “Şərəf” və “Şöhrət” ordenli, tibb elmləri doktoru, professor Əhliman Əmiraslanovun anadan olmasının 75-ci ildönümü tamam olur.
Böyük idarəçilik və təşkilatçılıq bacarıqları, fitri istedadı, yüksək intellekti, hərtərəfli və dərin bilikləri, problemlərə və onların həllinə novatorcasına yanaşması ilə fərqlənən Əhliman Əmiraslanov Azərbaycan tibb elmini, səhiyyə və təhsilini yorulmaz nəzəri və praktiki fəaliyyəti ilə daim zənginləşdirən, onların tətbiq sahələrini genişləndirməyə çalışan məhsuldar elm adamı, bacarıqlı səhiyyə və təhsil təşkilatçısıdır.
Görkəmli alimin zəngin elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Onun keçdiyi şərəfli ömür yolu hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Akademik Əhliman Əmiraslanov 1965-ci ildə orta məktəbi qızıl medalla bitirərək, həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra Bakı şəhər Kliniki Onkologiya Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışmışdır.
O, 1977-ci ildən fəaliyyət göstərdiyi SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin Ümumi onkologiya şöbəsində sonralar baş elmi işçi, böyük elmi işçi və professor vəzifələrinə seçilmiş və uğurlu fəaliyyəti ilə hamının rəğbətini qazanmışdır. Bu dövrlərdə alim bir çox mürəkkəb və çətin sayılan cərrahiyyə əməliyyatlarını həyata keçirmiş, SSRİ miqyasında ilk dəfə olaraq “Rotasion plastika”, eləcə də osteogen sarkomaya düçar olmuş xəstələrin mürəkkəb cərrahiyyə əməliyyatlarını böyük məharətlə yerinə yetirmişdir. O, hələ Moskvada çalışarkən təkcə bacarıqlı alim kimi yox, eyni zamanda peşəkar cərrah-onkoloq kimi də tanınmışdır.


