Bir müddətdir PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin dövlət strukturlarında və digər qurumlarda kök salmış şəbəkəsi barədə çoxsaylı məlumatlar yayılır.
Əlbəttə ki, bu müzakirələr və araşdırmalar zamanı Ramiz Mehdiyevin “qara kassası” Ziya Məmmədov da kənarda qalmamalıdır. Ziya Məmmədovun Göyçayda Mehdiyev üçün tikdirdiyi böyük villa hələ də yerində qalır. Elə bu şirin əlaqələrin nəticəsi idi ki, Ramiz Mehdiyev AMEA-ya gələndə ətrafına yığdığı “sadiqləri” arasında başda Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov dayanırdı. Elton Məmmədov AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilmişdi və Ramiz Mehdiyev üçün rüşvət sxeminin qurulması, onun idarə edilməsi ilə məşğul olan əsas iki adamdan biri idi.
Ramiz Mehdiyevin dəstəsində “Tərtər işi”nə görə məhkəmə sistemindən uzaqlaşdırılmış Kamal Əliyev də var idi. Ramiz Mehdiyev ordakı tapşırıqlarını yerinə yetirən Kamal Əliyevi Akademiyanın hüquq şöbəsinin müdiri vəzifəsinə təyin etməklə işsiz qoymamışdı. Sabiq PA rəhbəri kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevi isə işlər idarəsinə müdir təyin etmişdi.
Məlumatlara görə, Elton Məmmədov vasitəsilə Ziya Məmmədov da Mehdiyevlə daim əlaqədə olub.
Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, Ramiz Mehdiyevin siyasi planlarının və xəyanətinin ifşa olunması bir müddət əvvəl Adnan Əhmədzadənin iqtisadi təxribatı ilə eyni vaxta təsadüf edir.
Bu yerdə Mehdiyevin Ziya Məmmədov vasitəsilə ələ aldığı, əməkdaşlığa cəlb etdiyi iş adamlarının kimliyi maraq doğurur. Bildirilir ki, bu sahibkarlar arasında böyük tikinti şirkətləri, nəqliyyat, yükdaşıma və xidmət sahəsində, eləcə də böyük istehsalat və ticarət əlaqələrinə malik özəl subyektlər var. Bunların başında isə heç şübhəsiz “Baku Steel Company” və onun rəhbəri Rasim Məmmədov gəlir.
Növbəti yazımızda həmin sahibkarlar və onların əməlləri barədə ətraflı yazacağıq.


