Ölkəmizdə əmək münasibətləri baxımından ən problemli məsələlərdən biri işçilərin qanunsuz işdən çıxarılmasıdır. Bəzi müəssisə rəhbərləri yola getmədikləri işçini çağırıb ona “ərizəni yaz çıx” deyir. İşçi ərizəni imzalamaqdan imtina etdikdə, işəgötürən “imzalamasan 70-in “ç”-si ilə çıxaracağıq ha, özünə yazığın gəlsin, əmək kitabçan korlanmasın, gəl imzala bu ərizəni” deyir. Söhbət Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndindən gedir və həmin bəndə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən onunla əmək müqaviləsini ləğv edə bilər. İşçi ərizəni imzalamaqdan imtina edəndə işəgötürənin “B planı” işə düşür. Bu plan ixtisardır və çox vaxt da işə yarayır. İxtisar işçilərin qorxulu yuxusudur. Əksər işçilər elə bilir ki, ixtisara düşdüsə, hər şey bitdi, işdən çıxarılacaq. Və çox işçi də bunu nəzərə alaraq, fikirləşir ki, “çıx” deyirlərsə müqavimət göstərməyin mənası yoxdur. Əslində isə ixtisar, işçi üçün son deyil.
İxtisara düşən işçi, bu ixtisarın əsassız olduğunu, yəni işəgötürənin işçini ixtisara salmaq hüququndan sui-istifadə etdiyini məhkəmə qaydasında sübuta yetirə bilsə, işə bərpa ola bilər və işə getmədiyi günlərə görə əmək haqqını ala bilər.
Bilməliyik ki, ixtisar iki formada həyata keçirilir:
– İşçilərin sayının ixtisar edilməsi;
– Ştatın ixtisar edilməsi.
İşçilərin sayının ixtisarı dedikdə, bir müəssisədə eyni vəzifə (məsələn: “aparıcı hüquqşünas” vəzifəsi) üzrə bir neçə nəfər işləyirsə, onlardan birinin və ya bir neçəsinin əmək müqaviləsinin ləğv edilməsi nəzərdə tutulur. İşçilərin sayı ixtisar edilərkən işəgötürən tərəfindən bir sıra qaydalara əməl edilməlidir. Hər şeydən əvvəl daha yüksək ixtisas və peşəkarlıq səviyyəsinə malik olan işçilər işdə saxlanılmalıdır. Yəni, məsələn, mühasib vəzifəsində işçi “A”, sadəcə kollec bitirib və 1 il iş təcrübəsi varsa, işçi “B” isə ali təhsilli, sahəsi üzrə müxtəlif beynəlxalq təlimlərdə iştirak etmiş, 2 il təcrübəsi olan şəxsdirsə, ixtisar zamanı “B” işdə qalmalıdır. Baxmayaraq ki, Əmək Məcəlləsinə görə işçinin peşəkarlıq səviyyəsini müəyyən etmək işəgötürənin səlahiyyətindədir, yenə də işəgötürənin bu hüquqdan sui-istifadə etməsi hüquqa ziddir və onun verdiyi qərar məhkəmə qaydasında mübahisələndirilə bilər.
İşçi işçilərin sayının ixtisar edilməsi əsası ilə çıxarılırsa və onun yerinə başqa işçi götürülürsə, bu da çıxarılan işçiyə əsas verir ki, işəgötürənə qarşı iddia qaldırsın və işə bərpa olunmağını tələb etsin. Çünki, işçilərin sayının ixtisarı qənaətə yönəlmiş bir qərardır, yəni eyni işi 3 nəfər də görə bilirsə, 5 nəfərin ştatda saxlanılması əlavə xərcdir. Ancaq işəgötürən işçini ixtisar etməzdən qabaq həmin vəzifəyə yeni işçi götürübsə və ya ixtisardan bir müddət sonra ixtisar olunan işçinin yerinə başqa şəxs götürürsə, bu, artıq işəgötürənin niyyətinin qənaət yox, “özünü yaxşı aparmayan işçi”ni cəzalandırmaq olduğunu göstərir.
Ştatın ixtisarı dedikdə isə, eyni vəzifə üzrə (məsələn: aparıcı hüquqşünas vəzifəsi) bütün işçilərin işdən çıxarılması nəzərdə tutulur. Ola bilər ki, bir ştatda bir işçi olsun (məsələn: hüquqşünas), bu zaman işçi ixtisar yolu ilə çıxarılırsa, mütləq ştatın ixtisarı yolu ilə çıxarıla bilər. Ştatın ixtisarı, ştatların optimallaşdırılması və qənaətə yönəlmiş addımdır. Bu ixtisar növü də, eyni qaydada, işəgötürən tərəfindən əsaslandırılmalı, həqiqətən də o ştata müəssisədə ehtiyac olmadığı sübuta yetirilməlidir.
Məsələn, bir müəssisədə çox önəmli olan “mühasib” vəzifəsinin ixtisar edilməsi işəgötürənin başqa niyyətindən xəbər verir. Yuxarıda qeyd etdiyimiz kimi, işəgötürən ştatı ixtisar edib bir müddət sonra yenidən həmin ştatı bərpa edirsə, bu da, yenə, işəgötürənin hüquqdan sui-istifadə etməsi mənasına gəlir və belə olan halda işçi məhkəməyə müraciət edib işə bərpa edilməsini tələb edə bilər. Bundan başqa praktikada belə bir tendensiya var ki, işəgötürən ştatı və ya ştatları ixtisar edib onların gördüyü işi kənar bir şirkətə həvalə edir. Burda da çox vaxt işçilərin hüquqları pozulur. Belə ki, əgər işəgötürən ona xidmət göstərəcək şirkətə ixtisar edilən ştat üzrə işçilərinə verdiyi əmək haqqından daha yüksək və ya eyni məbləğdə xidmət haqqı ödəyəcəksə, bu zaman ştatın ixtisar edilməsi hüquqa ziddir. Çünki, yuxarıda da qeyd etdiyimiz kimi, işçilərin sayının ixtisar edilməsi, o cümlədən müəssisənin xərclərinin azaldılmasına hesablanmış bir addımdır. Əgər belə bir məqsəd yoxdursa, ştat ixtisar edilə bilməz. Yox əgər kənar şirkətə işçilərin əmək haqqından daha az xidmət haqqı ödəniləcəksə, yenə də işəgötürən ixtisar ediləcək ştatda işləyən işçilərə daha aşağı məbləğdə əmək haqqının ödənilməsi, yəni işçilərin əmək şəraitinin dəyişdirilməsi təklif edilə bilər.
Azərbaycanda əksər müəssisələr işçilərin sayını və ya ştatı ixtisar edərkən bunu “istehsalatda, effektivliyin yaxşılaşdırılması, işçilərin xərclərinin minimallaşdırılması, ştatların optimallaşdırılması” kimi şablon cümlələrlə “əsaslandırırlar”. Ancaq bilməlidirlər ki, bu cümlələr əsaslandırma deyil, qarşıya qoyulan məqsədlərdir və tək başına ixtisarın hüquqiliyi üçün yetərli deyil. İxtisarın səbəbləri və məqsədləri barədə hər bir cümlə ayrılıqda əsaslandırılmalı, ixtisarın zəruriliyi, qənaət ediləcək məbləğin çəkisi, bunun, müəssisənin fəaliyyətinə nə kimi müsbət təsiri göstərəcəyi, ixtisarın müəssisə üçün son çarə olması ixtisar barədə əmrdə göstərilməlidir.
Son olaraq qeyd etmək lazımdır ki, şəhid ailəsi üzvlərinin, müharibə iştirakçılarının, əsgər və zabitlərin arvadının (ərinin), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərin, xüsusi məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərin işdə saxlanılmaqda üstünlük hüququ var. Hamilə, o cümlədən üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin və öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin isə ümumiyyətlə ixtisar edilməsi qadağandır.
Hüquqşünas Araz İsmayılov


