Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xocəsən qəsəbə klubunda Baş İdarənin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlili ilə görüş keçirilib.
BAKU.NEWS bildirir ki, tədbirdə “Əsgərə xatirə” layihəsinin rəhbəri, gənc fəal, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvü Nuranə Şıxəliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı şairə Minəxanım Əkramqızı, Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rəna Biləndərli, filial müdirləri, şagirdlər və valideynlər iştirak edib.
İlk öncə tədbiri giriş sözü ilə klubun təşkilatçısı N.Qafarova açaraq tədbir iştirakçılarını salamlayıb.
Daha sonra tanınmış yazar şair İradə Əlilinin yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.
Nümayiş olunan videoçarxda Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük əks-hücum əməliyyatını Zəfərlə başa vurduğu, Şuşanın azad edilməsi əməliyyatının dünya hərb tarixində xüsusi yer tutduğundan bəhs edilib.
Görüş zamanı “Zəfər yolu”, “Bir damla göz yaşında torpaq həsrəti”, “Laçın həsrəti” adlı kitabların müəllifi İradə Əlili çıxış edərək tədbirin təşkilinə görə rəhbərliyə öz minnətdarlığını bildirib və bir neçə kitabını hədiyyə edib.
Tədbir yüksək əhval-ruhiyyə ilə sonlanıb.


