“Təmiz Şəhər” ASC 2025-ci ili 5 milyon 666,2 min manat xalis zərərlə başa vurub.
Bu, 2024-cü illə müqayisədə 3,4 dəfə çoxdur. Şirkət 2024-cü ildə 1 milyon 666,9 min manat zərər etmişdi.
Ötən il “Təmiz Şəhər”in gəlirləri 11,5% azalaraq 41 milyon 575,7 min manatdan 36 milyon 787 min manata düşüb. Eyni zamanda şirkətin əməliyyat xərcləri 16,1% artaraq 35 milyon 857,6 min manatdan 41 milyon 630,4 min manata yüksəlib.
Xərclərin artımında diqqətçəkən əsas göstəricilərdən biri digər əməliyyat xərcləri olub. Bu xərc 2024-cü ildəki 68,2 min manatdan 2025-ci ildə 3 milyon 820,5 min manata yüksəlib. Amma bu xərclərin nədən ibarət olduğu açıqlanmayıb. Kommunal xərclər isə 814 min manatdan 2 milyon 583 min manata çatıb.
2025-ci ilin sonuna “Təmiz Şəhər”in aktivləri 47 milyon 450,1 min manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 22% azdır. Şirkətin pul vəsaitləri və onların ekvivalentləri 33 milyon 724,3 min manatdan 25 milyon 745,2 min manata, əmlak və avadanlıqlarının balans dəyəri isə 19 milyon 107,2 min manatdan 10 milyon 707,2 min manata düşüb.
Şirkətin kapitalı il ərzində 25,4% azalaraq 55 milyon 974,6 min manatdan 41 milyon 775 min manata enib. Yığılmış zərər isə 249 milyon 185,3 min manata çatıb.
Beləliklə, “Təmiz Şəhər”in 2025-ci ildə zərərinin kəskin artmasına əsasən gəlirlərin azalması ilə yanaşı, əməliyyat xərclərinin, xüsusilə digər əməliyyat və kommunal xərclərin əhəmiyyətli dərəcədə yüksəlməsi təsir göstərib.
Qeyd edək ki, “Təmiz Şəhər” ASC Prezident İlham Əliyevin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 6 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsis edilib. Şirkətin idarə heyətinin sədri Etibar Abbasov, nizamnamə kapitalı isə, 9 149 672 manatdır. Şirkət 2014-2025-ci illərdə, yəni son 11 ildə zərərlə fəaliyyət göstərir. ASC 2021-ci ildən Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Amma görünən odur ki, Holdinqin idarəetməsi də şirkətdə dəyişiklik yaratmayıb.
Plat.az


