İllərlə bu tarix bizim üçün qan yaddaşı olaraq anılıb. 8 May tarixində Şuşanı mənfur düşmənimiz ermənilər işğal etdilər. Bütün Qarabağ torpaqları mənim üçün əziz və doğmadır, amma Şuşanın yeri məndə başqadır.
Çünki atamı Şuşa uğrunda gedən döyüşlərdə itirmişəm və şəhid övladı statusu qazanmışam. 2020-ci ildə isə qəhrəman, igid əsgərlərimizin qələbəsi nəticəsində Şuşanı işğaldan azad etdik. Və nə təsadüf ki, yenə Şuşa uğrunda gedən döyüşlərdə kimlərsə şəhid övladı statusu qazandı. Əslində, bu döyüşlər təkcə şəhid övladı statusu yox, şəhid anası, şəhid atası, şəhid həyat yoldaşı statusları da qazandırdı…
Bu torpaq uğrunda canını, qanını düşünmədən qurban edənlər əbədi olaraq bu həyata gözlərini yumsalar da, onların yaxınlarına verilən statuslar ( şəhid övladı, şəhid anası və.s) əbədi deyil. Qanunda qeyd olunub ki, 18 yaşına çatmış şəxsin şəhid övladı statusu ləğv edilir. Çox maraqlı və qəliz məsələdir. Sual yaranır ki, hansı məntiqli açıqlama ilə bu status ləğv edilir? 18 yaşına çatmış şəxsin atası dirilib, geri qayıdır, ya nəsə başqa bir hadisə baş verir biz bilmirik ?
İllərdir bu mövzu ilə bağlı araşdırma aparır və mübarizə aparıram. Qanundakı bu qərarın ləğvi üçün təbliğat işləri görürəm. Ümid edirəm, yaxın günlərdə bu məsələ öz həllini tapacaq. Bəlkə də məsələ həll olub, xəbərimiz yox.
Oruc İbrahimov


