Ölkəmiz hər il iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə böyük uğurlara imza atır. Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına, forumlara ev sahibliyi edir. Bütün bunların fonunda Göygöl rayonunun Hacıkənd qəsəbəsində ikinci Milli Yaylaq Festivalının keçirilməsi Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, nadir mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və turizm potensilaının nümayiş etdirilməsi məqsədi daşıyır.
Bunu BAKU.NEWS-a təhsil eksperti, Azərbaycan Alpaqut Federasiyasının I vitse-prezindeti, Gənclər və İdman Nazirliyi yanında İctimai şuranın üzvü, “Əsgərə Xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva deyib.
O bildirib ki, Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə keçirilən festivala bu il ümumilikdə 120 mindən artıq iştirakçı qatılmışdır. Mədəniyyət, Gənclər və İdman Nazirliyi o cümlədən Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişmələri, milli rəqslər, xalq mahnıları, səhnəciklər və teatral kompozisiyalar, dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq kimi qədim xalq oyunlarına tamaşa edib, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış olub, təbiət qoynunda əsl yaylaq həyatı yaşayıblar.
Festivalda mədəniyyət proqramı ilə yanaşı, milli yaylaq oyunları adı ilə ümumiləşdirilmiş idman tədbirləri də yer alnmışdır. Festivalda həmçinin ictimai asayişin qorunmasında DİN əməkdaşları o cümlədən Göygöl rayon polis idarəsinin əməkdaşları yüksək peşəkarlıq göstərmişdir. 3 gün ərzində həm ictimai asayişin qorunması, həm də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə polis əməkdaşları müvafiq tədbirlər görmüşdür.
N.Şıxəliyeva qeyd edib ki, festival iştirakçıları alpaqut turan döyüşləri, yorğa və çaparaq at yarışları, milli güləş yarışı, qurşaq güləşi kimi müsabiqələri, cigitovka, atüstü milli oyunları, zorxana, ox atma, kəndirbaz və pəhləvanların nümunəvi çıxışlarını izləyib, masa güləşi, kəmənd dartma, nərd, çuval-qaçdı, qalaqapı kimi kütləvi oyunlada iştirak ediblər. Ümumiyyətlə isə II Milli Yaylaq Festivalı miqyasına, əhatə etdiyi coğrafi areala və iştirakçı sayına görə Azərbaycanın ən böyük kütləvi tədbiri hesab edilir. Bütün bunlar onu deməyə əsas verir ki, Milli Yaylaq Festivalına marağın ildən-ilə çox yüksək olması növbəti illərdə tədbirin daha möhtəşəmliyi və turistlərin axını ilə müşayiət olunacaq.
Qeyd edək ki, İkinci Milli Yaylaq Festivalı “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun və “Kap.az” – Fərqli Turizm MMC–nin təşəbbüsü, Mədəniyyət Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gənclər və İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası və digər dövlət və özəl qurumların tərəfdaşlığı və dəstəyi ilə keçirilib.

















