Bunları gecəyarısı Kərbəladan, İmam Hüseynin (ə) dizinin dibindən yazıram. Bu günə qədər heç qəlbimə gəlməmişdi bu ardıcıl iki mübarək görüşün hikməti. Hacı ilə son iki görüşümüz məhz bu iki sevgili məsələ üzərinə olmuşdu: Kərbəla, Həcc.
Deməli, Hacının ölümündən hardasa günlər öncə (5-10 gün) İmam Hüseyn əleyhissəlamın mövlud günü idi və o gün ümumi bir məclisimiz olmuşdu. Qəribəsi bu idi ki, Hacı xüsusi şövqlə danışarkən sözləri ilə sanki İmam Hüseyni əmanət edirdi… Xatirimdədir, o gün çox təəccüblənmişdik ki, görəsən, nə əcəb Hacı bu cür danışır?!
İkinci görüşümüz isə Hacının ölümündən 2 gün öncə baş tutan ümumi yox, xüsusi olan bir görüş idi və bu görüşümüzün mövzusu Həcc idi. Hacımız Həccdən gələn iki dostumuzu sevgi ilə dinləmək, doğma Həcc təəssüratlarını bölüşmək, ilk dəfə Həcci görən bu iki gənc əzizimizi dinləmək üçün məhdud sayda dostumuzu öz işığına toplamışdı. O qədər gözəl söhbətlər, zarafatlar etmişdik ki həmin gün. Həm də qarşıdan mübarək Ramazan ayı gəlirdi o günlərdə. Hətta Ramazanın bir gününü yenə bizim üçün ayıracağını niyyət etmişdi. İndi yazarkən fərqinə varıram ki, hətta bu semantik görüş sıralamasına mübarək Ramazan ayı da aid olur… O gün ən vacib mövzu Həcc idi və qəribə olan bu idi ki, Hacı Həccdən də eynilə Kərbəladan danışdığı kimi, sanki vida edirmişcəsinə danışırdı. Şövqlə deyirdi ki, Kəbə sanki canlı bir varlıqdır, enerji axınıdır və onu necə gözəlliklə, zərafətlə duyduğundan danışırdı. O gün Hacıdan xatirimdə qalan ən aydın, ən parlaq sözlər məhz bunlar idi, Kəbənin vəsfi.
Sonra baş verənlər hər kəsə məlumdur. Bütün bunları bölüşmək səbəbim Hacının bizə əmanət etdiyi və haqqında böyük ehtiramla danışdığı bu iki dəyəri bir daha bu yolun bütün məhrəm yolçularına xatırlatmaqdır.
Nəsib olsa, gələn il bu vaxt Allahın izni ilə yenə də Ərəfə, yaxud Həcc mərasimindən təəssüratlarımı bölüşmək ümidi ilə. Bir daha bütün xalqımızı, Hacımızın duasının əvvəlində də, sonunda da dilindən düşməyən əziz xalqımızı, sevgili insanlarımızı, hər bir çatışmazlıqlarına rəğmən dəyişib daha da gözəlləşəcəyinə inandığım böyük xalqımızı Qurban bayramı münasibətilə təbrik edirəm. Xalq və cəmiyyət olaraq təhsil, mədəniyyət və mənəviyyatla daha da ucalacağımıza inanıram. Bunun üçün hər kəs əlindən gələni əsirgəməsə, cəmiyyətimiz də, dünyamız da gülüstana dönəcək. Hacının bir böyük və ustad olaraq bizə öyrətdiyi ən böyük dəyər də məhz elə xidmət idi; xalqa, cəmiyyətə, qohuma, qonşuya, insanlığa, bəşəriyyətə xidmət. Dəyişmək, gözəlləşmək, yenilənmək, böyümək və ən gözəl halımıza qovuşmaq üçün xidmət!
Qoy həmişə günəş olsun!
Kərbəladan ehtiramla!
Kamal Yaşar
Kərbəla


