Noyabrın 5-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsinin müavini Nabil Gangi və FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat ilə görüşüb.
Görüşdə AQTA və FAO arasında mövcud əməkdaşlığın nəticələri, həyata keçirilən birgə layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Xüsusilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində FAO ilə birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bu çərçivədə qida təhlükəsizliyi nəzarətinin rəqəmsallaşdırılması, heyvanların identikləşdirilməsi, izlənəbilənlik sisteminin inkişafı, laboratoriya potensialının gücləndirilməsi, sərhəd-keçid məntəqələrində nəzarət infrastrukturunun yaradılması və HACCP sisteminin tətbiqinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Bununla yanaşı, qida istehlakı məlumat bazasının ölkə miqyasında genişləndirilməsi, Azərbaycanın Kodeks Koordinasiya Komitəsinin Avropa regionu üzrə növbəti koordinatoru rolunun dəstəklənməsi, qida təhlükəsizliyində süni intellekt və böyük verilənlər (Big Data) texnologiyalarının tətbiqi, risklərin təhlili sahəsində təcrübə mübadiləsi, eləcə də 2027-ci ildə Bakıda keçiriləcək Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) tədbirlərinə FAO-nun ekspert və institusional dəstəyi məsələləri müzakirə olunub.
Görüşdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə fəaliyyətin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.


