«İmroz’da Bahar» filminin tədbiri aktrisanın çoxsaylı pərəstişkarlarını bir araya gətirərək Bakı tamaşaçıları arasında böyük maraq doğurub.
CineMastercard kinoteatrlar şəbəkəsində baş rolun ifaçısı Meryem Uzerlinin iştirakı ilə «İmroz’da Bahar» filminin təqdimatı keçirilib. İlk dəfə Bakıya səfər edən aktrisa burada böyük sevgi və səmimi qonaqpərvərliklə qarşılanıb. Çoxsaylı pərəstişkarları onunla görüşü səbirsizliklə gözləyiblər.
Tədbirə maraq o qədər böyük olub ki, biletlər qısa müddət ərzində tamamilə satılıb. Qala gecəsi tamaşaçılara sevimli sənətçiləri Meryem Uzerli ilə görüşmək, qonağımıza isə Azərbaycan tamaşaçıları ilə bir araya gəlmək fürsəti yaradıb. Pərəstişkarlarının səmimi sevgisi və gecənin isti atmosferi Meryem Uzerlidə xoş təəssüratlar yaradıb.
Bakıda səfəri çərçivəsində Meryem Uzerli Heydər Əliyev Mərkəzini də ziyarət edib. Mərkəzin memarlığı və ekspozisiyası ilə tanışlıq aktrisada xoş təəssürat yaradaraq ona unudulmaz və müsbət emosiyalar bəxş edib.
Filmin maraqla gözlənilməsinin əsas səbəblərindən biri də Halit Ergenç və Meryem Uzerlinin 15 ildən sonra yenidən böyük ekranda bir araya gəlməsidir. «Muhteşem Yüzyıl» serialı ilə milyonlarla tamaşaçının sevgisini qazanan aktyorlar bu dəfə yeni bir kino layihəsində tərəf müqabili olublar.
Film haqqında qısa məlumat: Uzun müddətdir yaradıcılıq böhranı yaşayan yazıçı Arif redaktorunun məsləhəti ilə bir aylıq istirahət və ilham axtarışı üçün Gökçeada adasına gəlir. Burada o, üç il əvvəl həyat yoldaşını və oğlunu itirmiş, tənha həyat sürən Sonya ilə tanış olur. Keçmişin ağrıları ilə mübarizə aparan Arif və Sonya arasında zamanla gözlənilməz bir yaxınlıq yaranır. Adanın sakit atmosferində bir-birinin həyatına toxunan bu iki insan itkiləri ilə üzləşərkən yenidən sevməyin və həyata bağlanmağın mümkün olub-olmadığını kəşf etməyə başlayır.
Filmdə baş rolları Halit Ergenç və Meryem Uzerli canlandırıblar. Filmin rejissoru və ssenari müəllifi beynəlxalq kinofestivallarda tanınan işləri ilə seçilən məşhur türkiyəli kinorejissor Özcan Alperdir. Filmin istehsalı Sky Films şirkətinə məxsusdur. Prodüseri Emre Oskaydır.
«İmroz’da Bahar» filmi noyabrın 5-dən etibarən Cinema Distribution şirkətinin dəstəyi ilə Azərbaycanda eksklüziv olaraq CineMastercard kinoteatrlar şəbəkəsinin Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən kinoteatrlarında nümayiş olunacaq.














