Azərbaycanda qida təhlükəsizliyi məsələsi yenidən ciddi müzakirə mövzusuna çevrilib. “Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi”ndə yararlılıq müddəti bitmiş, korlanma əlamətləri müşahidə olunan 400 tondan artıq toyuq əti məhsulunun aşkar edilməsi cəmiyyətdə haqlı narahatlıq yaradıb.
Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, həmin müəssisənin məhsulları nisbətən münasib qiymətə satıldığı üçün bir çox istehlakçının seçimində yer alırdı. Bu hadisə təkcə konkret bir istehsal müəssisəsinin fəaliyyəti ilə bağlı suallar doğurmur, eyni zamanda ölkədə qida məhsullarına nəzarət mexanizmlərinin effektivliyini, istehlakçıların məlumatlılığını və bazarda təhlükəsiz məhsul seçiminin nə dərəcədə mümkün olduğunu gündəmə gətirir.
Bəs toyuq əti alarkən istehlakçılar məhsulun təhlükəsizliyini müəyyən etmək üçün ilk növbədə hansı göstəricilərə diqqət yetirməlidirlər? Etiket, istehsal və son istifadə tarixindən başqa, məhsulun keyfiyyətini müəyyənləşdirməyin hansı üsulları var? Yararlılıq müddəti bitmiş və ya düzgün saxlanılmamış toyuq ətinin istehlakı insan sağlamlığı üçün hansı təhlükələr yarada bilər? Belə məhsullar hansı xəstəliklərə və ağır fəsadlara səbəb ola bilər?
Mövzu ilə bağlı qida mütəxəssisi İlkin Şirinov Musavat.com-a danışıb.
Mütəxəssis bildirib ki, toyuq əti yüksək risk qrupuna aid qida məhsullarından biridir:
“Bu baxımdan 400 tondan artıq yararsız toyuq əti məhsulunun aşkar edilməsi qida təhlükəsizliyi, nəzarət mexanizmlərinin effektivliyi və istehlakçıların məlumatlılığı ilə bağlı ciddi suallar doğurur. İlk növbədə, üzərində istehsalçı etiketi və markalanması olmayan, saxlanma şəraiti düzgün təmin edilməyən məhsulların alınması və satılması yolverilməzdir. Belə məhsullar insanların sağlamlığı üçün ciddi risk yaradır. Toyuq əti alarkən istehlakçılar yalnız məhsulun rənginə və görünüşünə əsaslanmamalıdırlar. Etiketdə göstərilən istehsal və son istifadə tarixlərinə, saxlanma temperaturuna, məhsulun mənşəyinə və qablaşdırmanın bütövlüyünə diqqət yetirmək lazımdır. Qablaşdırmada şişmə, deşik, cırılma və sızma varsa, belə məhsulların alınması məsləhət görülmür. Eyni zamanda toyuq ətində xoşagəlməz qoxu, yapışqanlıq, selikli təbəqə və qeyri-adi rəng dəyişikliyi xarab olmanın əlamətləri ola bilər. Lakin mühüm məqam ondan ibarətdir ki, bəzi təhlükəli mikroorqanizmlər məhsulun görünüşünü və qoxusunu dəyişdirmədən də mövcud ola bilər. Buna görə də xarici görünüşü normal olan məhsulun mütləq təhlükəsiz olduğunu düşünmək yanlışdır”.
İlkin Şirinov vurğulayıb ki, yararlılıq müddəti bitmiş və ya düzgün saxlanılmamış toyuq əti qida zəhərlənmələrinə və qida mənşəli infeksiyalara səbəb ola bilər:
“Xüsusilə salmonella və kampilobakter kimi patogenlər toyuq əti ilə əlaqəli əsas təhlükə mənbələrindəndir. Bu mikroorqanizmlərlə çirklənmiş məhsulun istehlakı ishal, qusma, qarın ağrısı və digər zəhərlənmə əlamətləri ilə nəticələnə, ağır hallarda isə ciddi fəsadlara yol aça bilər. Uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar bu baxımdan daha həssas qrupa daxildirlər. Bəzən belə düşünülür ki, xarab olmuş toyuq əti bişirildikdən və ya qaynadıldıqdan sonra təhlükəsiz hala gəlir. Bu, düzgün yanaşma deyil. Düzgün bişirmə bir çox mikroorqanizmi məhv edə bilər, lakin xarab olmuş məhsulu təhlükəsiz qidaya çevirmir. Buna görə də şübhəli məhsul istehlak edilməməlidir. Digər mühüm məsələ bəzi distribyutor şirkətlərin məhsulların yararlılıq müddəti ilə bağlı yanaşmasıdır. Yeni kəsilmiş toyuq ətinin yararlılıq müddəti üç gündürsə və bu müddət ərzində satılmırsa, həmin məhsulun yenidən soyudularaq, başqa qablaşdırmada və ya yeni etiketlə satışa çıxarılması yolverilməzdir. Bu, həm istehlakçı sağlamlığı, həm də şirkətlərin məsuliyyəti baxımından ciddi məsələdir. Burada müəssisələrin vicdanlı və məsuliyyətli davranması vacibdir”.
Mütəxəssis qeyd edib ki, 400 tondan artıq yararsız məhsulun aşkar edilməsi həm də nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyini göstərir:
“Hesab edirəm ki, Qida Təhlükəsizliyi Agentliyi yalnız problem yarandıqdan sonra araşdırma aparmaqla kifayətlənməməli, kəsim sexlərində, istehsal müəssisələrində və şirkətlərin anbarlarında mütəmadi yoxlamalar və monitorinqlər keçirməlidir. Bu, sahibkarların məsuliyyətini artırar və məhsulların saxlanma şəraitinə daimi nəzarəti təmin edər. Bununla yanaşı, qida təhlükəsizliyi yalnız dövlət nəzarətindən asılı deyil. Müəssisələrin öz daxilində də effektiv nəzarət sistemi qurulmalıdır. Məhsulun qəbulundan saxlanmasına, temperatur rejiminə, yararlılıq müddətinə, anbar uçotuna və satışa qədər bütün mərhələlər nəzarətdə saxlanılmalıdır. Xüsusilə FIFO prinsipi, yəni yararlılıq müddəti daha tez başa çatan məhsulların ilk növbədə satışa buraxılması qaydası düzgün tətbiq edilməlidir. Əgər yüz tonlarla yararsız məhsul uzun müddət anbarda qalırsa, bu, müəssisədaxili nəzarət mexanizminin effektivliyi ilə bağlı ciddi suallar yaradır. Belə məhsullar vaxtında dövriyyədən çıxarılmalı və müvafiq qaydada məhv edilməlidir”.
İlkin Şiriniv alıcılara tövsiyələrini də qeyd edib:
“İstehlakçılara da tövsiyəm odur ki, ərzaq məhsullarını yalnız qiymətinə görə seçməsinlər. Ucuz məhsul heç də təhlükəsiz məhsul demək deyil. Məhsulun mənşəyinə, etiket məlumatlarına, saxlanma şəraitinə və qablaşdırılmasına diqqət yetirmək, satıcıdan bu məlumatları tələb etmək lazımdır. Qida təhlükəsizliyi istehsalçıdan satıcıya, satıcıdan istehlakçıya qədər bütün zəncirin ortaq məsuliyyətidir. Bir məqama da xüsusi diqqət çəkmək istəyirəm. Bazarlarda, metro stansiyalarının qarşısında və insanların sıx toplaşdığı digər ərazilərdə kənd, həyət və ya ev toyuğu adı altında məhsullar satılır. Bəzən bu toyuqlar açıq havada, günəşin altında, toz-torpağın içində, heç bir soyuducu sistem olmadan satışa çıxarılır. Məhsulun üzərinə “kənd toyuğu” və ya “həyət toyuğu” yazılması onun təhlükəsizliyinə zəmanət vermir. Saxlanma şəraiti təmin edilməyən belə məhsullar da mikrobioloji çirklənmə baxımından ciddi təhlükə yarada bilər. İnsanlar aldıqları qida məhsullarının təhlükəsizliyinə ciddi yanaşmalıdırlar. Çünki qida təhlükəsizliyi birbaşa insan sağlamlığı ilə bağlı məsələdir”.
TREND
- Giləzi-Quşçuluq hadisəsi qida təhlükəsizliyini yenidən gündəmə gətirdi – mütəxəssisdən xəbərdarlıq
- Vəkillər Kollegiyasının sədri beynəlxalq arbitraj təcrübəsinin inkişafına dair seminarda çıxış edib
- ARDNF tender elan edib
- Krım körpüsü yerlə-yeksan ediləcək – Zelenski əmr verdi
- Süni intellekt alimlərin onilliklərdir həll edə bilmədiyi riyazi məsələləri çözür
- Nizami Babayevin yeni klipində bayraqlar diqqət çəkdi – VİDEO
- Sumqayıt Şəhər İcra Hakimiyyəti 396 min manatlıq zibil konteyneri alır
- Bakıda toyda telefonları oğurlayan şəxs saxlanılıb
Digər xəbərlər
2026 © BAKU NEWS. Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə BAKU.NEWS-a istinad etmək mütləqdir.


