Bakıda 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb. Yarmarkada Azərbaycanın 52 rayonundan 270-ə yaxın fermerin istehsal etdiyi 100 tondan çox arıçılıq məhsulu satışa təqdim olunur.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılan bal və digər arıçılıq məhsullarından 584 nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasında müayinələrə cəlb edilib. Yalnız keyfiyyət göstəriciləri müəyyən edilmiş standartlara uyğun olan məhsulların yarmarkada satışına icazə verilib.
Bununla yanaşı, yarmarka müddətində AQTİ-nin səyyar qida laboratoriyası arıçılıq məhsullarının müayinəsi ilə bağlı vətəndaşlara xidmət göstərir. İstehlakçılar aldıqları balın keyfiyyətini yoxlatmaq və məhsulun təhlükəsizliyinə əmin olmaq məqsədilə onu səyyar laboratoriyaya təqdim edə bilərlər.
Qeyd edək ki, yarmarkanın əsas məqsədi yerli arıçıların satış imkanlarını genişləndirmək, istehsalçılarla istehlakçılar arasında birbaşa əlaqəni təşviq etmək və əhalinin keyfiyyətli yerli bala əlçatanlığını təmin etməkdir.



