Fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu bir sıra aktual məsələlərə toxunması ilə yadda qaldı. Forumda çıxış edən Prezident İlham Əliyev gənclərə mühüm tövsiyələr və məsləhətlər verdi.
Bunu BAKU.NEWS-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova deyib.
O bildirib ki, bu gün cəmiyyətimizin bütün sahələrində aparıcı qüvvə olan gənclər ölkəmizin həyatında çox önəmli rol oynayırlar. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir.
Qürurla deyə bilərik ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi və müasirləşdirdiyi gənclər siyasəti nəticəsində ötən illər ərzində ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanlar yaradılıb və onlar bu imkanlardan istifadə etməlidirlər. Bu gün Azərbaycan inamla irəliyə baxan bir ölkədir. Ölkəmizin qarşısında dayanan əsas vəzifələr öz həllini tapıb. Azərbaycan gəncləri azad, sabit və özünə güvənən müstəqil ölkədə yaşayır. Gənclərimiz haqlı olaraq bu ölkənin vətəndaşları olmaları ilə fəxr edirlər.
Bu gün müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız müstəqil xalq kimi yaşayacaq. Bu çox mühüm amildir ki, Azərbaycan müstəqil olkə olmayanda da öz milli xüsusiyyətlərini itirmədi, onları qorudu, saxladı, bugünlərə qədər yaşatdı və bundan sonra da yaşadacaq.
Vətənə bağlılıq, Vətənə sevgi, Vətənin maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Biz Vətən müharibəsində gənclərimizin bu müqəddəs borcu yüksək səviyyədə yerinə yetirməsinin bir daha şahidi olduq. Çünki Vətən müharibəsində gənclərimizin rolu həlledici oldu. Azərbaycan xalqı Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə minnətdardır. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimizin qürur mənbəyidir. Çünki ötən illər ərzində elə bir yüksək mənəviyyata malik gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi yaşamayan gənclər də Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqətimizi qorumaq uğrunda ölümə getdilər, şəhid oldular, qazi oldular, xalqımızın başını uca etdilər və müzəffər Ordumuzun qüdrətini bütün dünyaya göstərdilər. Əgər gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, müharibənin nəticələri də qeyri-müəyyən olardı. Onları irəli aparan məhz milli ruh, milli ləyaqət, milli qeyrət və vətənpərvərlik idi.


