Qarşıdakı 30 gün üçün Azərbaycandan Gürcüstana reyslər üzrə biletlərin böyük əksəriyyəti satılıb. Gürcüstandan Azərbaycana olan reyslər və əlavə satışa çıxarılan biletlər də qısa müddətdə tükənib.
Bu sözləri Plat.az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) mətbuat katibi Bəxtiyar Hacıyev deyib.
Məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərin satışa çıxarıldığı 21 may 2026-cı il tarixindən indiyədək 20 mindən çox bilet alınıb.
“ Biletlər həm onlayn, həm ənənəvi qaydada satışa çıxarılıb. Bütün reyslərdə tam doluluq qeydə alınıb”,- deyə qurumun sözçüsü Hacıyev qeyd edib.
Bundan başqa, qurumdan deyilib ki, iyunun 11-dən etibarən hər reys üçün qatarlara əlavə bir vaqon qoşulub.
“Hazırda sərnişinlər üçün Bakı-Tbilisi-Bakı marşrutu üzrə daha aşağı tarifli səyahət imkanları araşdırılır. Yüksək tələbat səbəbindən yaxın günlərdə qatar biletlərinin satış müddətinin 30 gündən 90 günə qədər artırılması da planlaşdırılır”,-Hacıyev əlavə edib.


