Energetika Nazirliyi tərəfindən həyata keçirilən “Söndür və qazan!” enerji səmərəliliyi kampaniyası çərçivəsində nazirlik və SOCAR-ın birgə tərəfdaşlığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Energy & AI” hakatonu keçiriləcək.
Nazirlikdən bildirilib ki, dekabrın 11-də Bakı Ali Neft Məktəbində təşkil olunacaq hakatonun əsas məqsədi tələbələrin innovativ və texnoloji potensialını enerji səmərəliliyi sahəsində mövcud praktiki problemlərin həllinə yönəltmək, süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi ilə innovativ və praktikada istifadə oluna bilən həllərin hazırlanmasını təşviq etməkdir.
Hakaton çərçivəsində iştirakçılara real enerji istehlakına dair məlumatlar təqdim olunacaq. İştirakçı komandalar həmin məlumatları təhlil edərək səmərəsiz enerji istehlakı hallarını aşkar etməli, onların mümkün səbəblərini müəyyənləşdirməli və enerji itkilərinin azaldılmasına yönəlmiş süni intellekt əsaslı rəqəmsal həllər və ya işlək prototiplər hazırlamalıdırlar.
Yarışda energetika, mühəndislik, informasiya texnologiyaları, kompüter elmləri, süni intellekt, data analitikası, iqtisadiyyat və digər əlaqəli ixtisaslar üzrə təhsil alan III və IV kurs bakalavriat, magistratura və doktorantura tələbələri iştirak edə bilərlər. Komandalar minimum 3, maksimum 5 nəfərdən ibarət olmalıdır. Hər bir komandadan qeydiyyat formasını doldurmaq tələb olunur.
Ümumi mükafat fondu 10 min 500 manat təşkil edən hakatonda birinci yerin qalibi olan komandaya 5000 manat, ikinci yerin sahibinə 3500 manat, üçüncü yeri tutan komandaya isə 2000 manat pul mükafatı təqdim olunacaq.
Hakatonda iştirak etmək istəyən tələbələr 2026-cı il 15 noyabr tarixinədək qeydiyyat forması vasitəsilə müraciət edə bilərlər.
Yarışla bağlı əlavə məlumat almaq üçün nazirliyin rəsmi veb səhifəsinə və ya energyhackathon@minenergy.gov.az elektron poçt ünvanına müraciət etmək mümkündür.


