“Məşədi Dadaş” məscidinə imam təyinatı ilə bağlı sosial şəbəkə istifadəçiləri arasında o cümlədən məscidin dini icması tərəfindən narazılıqla qarşılanıb. Narazılıq edənlər bildirirlər ki, Əli Şərbətovun Dini Komitə tərəfindən Məşədi Dadaş məscidinə imam təyin edilməsi doğru qərar deyil. Çünki, imam caamat ictimaiyyət tərəfindən tanınmış olmalı və icma üzvləri tərəfindən qəbul edilməlidir.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a bildirib ki, Əli Şərbətovun Məşədi Dadaş məscidinə imam təyin edilməsi doğru qərar deyil. C.Məmmədov yeni imam Əli Şərbətovu yaxşı tanıdığını, lakin onun təyinatının məqsədəuyğun olmadığını deyib:
“O, yaxşı ilahiyyatçı və din xadimidir. Amma fikrimcə, həmin məscidə daha fəal, dini cəmiyyətdə daha çox tanınmış və insanlarla kommunikasiya fəaliyyəti güclü olan şəxsin təyin olunması məqsədəuyğun olardı. Məşədi Dadaş məscidi bizim ən önəmli, insanların ən çox toplaşdığı məscidlərimizdən biridir”.
Ağ Partiya başqanı Tural Abbaslı Sitat Tv-nin efirində deyib ki, məscidə imam təyin olunan şəxs dini cameədə nüfuza malik olmalıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bir kağıza möhür vurmasıyla həmin şəxs imam olmur. İmam olan şəxsin arxasında duran yoxdursa, onun sözünün kəsəri yoxdursa, qəbul olunmursa, o imam deyil. Hələ Mübariz Qurbanlı kimi birinin özbaşına qərar verməsi isə bir başqa məsələdir. O bildirib ki, bu məsələdə dövlət orta xətti tapmalıdır: “Həm vətənə, millətə bağlılıq nəzərə alınmalıdır, həm də dindar kəsim arasında nüfuza malik olan şəxs təyin olunmalıdır. Deputat Ceyhun Məmmədov da bu məsələyə münasibət bildirib, o da etiraz edib. Ceyhun müəllim kifayət qədər bu sahədə təcrübəli biridir. Düşünürəm ki, həm Məşədi Dadaş Məscidi icması, həm Dini Komitə, həm də elə Ceyhun müəllimin də iştirakı ilə çay süfrəsi axasında müzakirə aparmalıdırlar. İmam təyinatına bir daha baxılmalıdır”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə Report-a açıqlamasında bildirib ki, indiyədək kimsə Əli Şərbətovun təyinatının niyə doğru olmaması barədə əsaslı bir fikir söyləməyib.Şöbə müdiri bildirib ki, Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə imam təyinatı həyata keçirib: “Komitə sədrinin əmri ilə Əli Şərbətov “Məşədi Dadaş” məscidinə imam təyin olunub. Bakı İslam Universitetinin müəllimi olmuş Əli Şərbətov indiyədək müxtəlif məscidlərdə din xadimi kimi fəaliyyət göstərib. Eyni zamanda o, Dövlət Komitəsinin din xadimlərinin təyinatı ilə bağlı ötən il keçirdiyi ilk müsahibədə iştirak edərək yüksək bal toplayıb və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi “Hüseyniyyə” məscidinə imam təyin edilib. Onun yüksək dini təhsili və təcrübəsi nəzərə alınaraq, imam kimi “Məşədi Dadaş” məscidinə rotasiyası həyata keçirilib”.


