21 Sentyabr – Beynəlxalq Sülh Günü bəşəriyyətin ən ali amallarından birini – müharibəsiz, münaqişəsiz və təhlükəsiz bir dünyanı tərənnüm edən xüsusi bir gündür. Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsis edilən bu günün əsas məqsədi bütün xalqlar və millətlər arasında 1 günlük ateşkəs elan etməklə sülh ideallarını möhkəmləndirməkdir.
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülhə sərmayə: insan hüquqları, ərzaq təhlükəsizliyi və dayanıqlı kənd təsərrüfatı” mövzusunda tədbir keçirilib. Tədbiri giriş və çıxış nitqi ilə elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova açaraq günün əhəmiyyətindən və sülhün elmi inkişaf üçün daşıdığı roldan bəhs edib.
Daha sonra İnstitutun elmi katibi Sevda Hacıyeva, Fiziologiya şöbəsinin müdiri Tofiq Allahverdiyev və Otlaq, biçənəklər və yemlərin texnoloji qiymətləndirmə laboratoriyasının müdiri Sevil Abbasquliyeva çıxış edərək sülh və sabitliyin cəmiyyətin rifahı, elmin tərəqqisi üçün vacibliyini diqqətə çatdırıb.
Sülh yalnız müharibələrin olmaması demək deyil, həm də insanların qorxusuz yaşaması, ədalətin və qarşılıqlı hörmətin hökm sürməsidir. Tədbirdə sabitlik və sülh olan yerdə daim inkişaf və xoşbəxtliyin bərqərar olunduğunu əsas tutaraq gələcək nəsillərə əmin-amanlıq dolu bir dünyanı irs qoymaq üçün sülh mədəniyyətini hər sahədə təbliğ etməyin vacibliyi vurğulanıb. Tədbirin sonunda “21 Sentyabr – Beynəlxalq Sülh Günü”dair video-çarx nümayiş etdirilib.










