Azərbaycan Gənclər və İdman Nazirliyinin, Dünya Alpaqut Federasiyası və Beynəlxalq İdman Hamı üçün Assosiasiyasının (TAFİSA) təşkilatçılığı ilə Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilən mətbuat konfransını rəhbərlik etdiyim DAF-ın növbəti uğuru olaraq qeyd etmək istəyirəm.
Gənclər və İdman Nazirliyinin (GİN) sektor müdiri Aydın Məmmədov, TAFİSA-nın Avropa Həmsədri Patrik Perosa və qurumun idarə heyətinin üzvü Marko Tomasini, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov, DAF-ın vitse-prezident Fərid Əlizadə, DAF Azərbaycan nümayəndəliyinin rəhbəri Qüdrət Nuriyev və media nümayəndələrinin iştirakı etdiyi tədbirdə çıxış edərək Azərbaycanın TAFİSA-da təmsil olunmağının böyük qürur hissi olduğunu vurğuladım.
Çıxışımda Federasiyanın xarici ölkələrdə uğurla reallaşdırdığı tədbirlərdən, ölkəmizi yüksək səviyyədə təmsil etdiyi yarışlardan, DAF-ın ICSSPE və TAFISA kimi mötəbər beynəlxalq idman təşkilatlarına üzv olmasından, Federasiyanın dünyada daha çox tanınması və inkişafı istiqamətində nəzərdə tutulan tədbirlər planından danışdım. Qeyd etdim ki, ölkə başçımızın idmana göstərdiyi diqqət və qayğının sayəsində Dünya Alpaqut Federasiyası yaxın zamanda daha yüksək nailiyyətlərə imza atacaq.
GİN sektor müdiri Aydın Məmmədov alpaqut turan döyüş növünün Azərbaycanda olduğu kimi, dünyada da böyük populyarlıq qazandığını və bu işin ölkəmizin dünyada nüfuzunun artması üçün vacib hadisə olduğunu bildirdi.
Fərid Əlizadə çıxışında TAFİSA-nın 28-ci Dünya Konfransında Azərbaycana böyük marağın olmasından, Azərbaycanın və xüsusi olaraq alpaqut idman növünün tanıdılmasından, TAFİSA tərəfindən DAF-a daimi üzvlük və səsvermə hüququnun təqdim olunmasından bəhs etdi. Qeyd etdi ki, bu uğur Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.
Sonra TAFİSA-nın Avropa Həmsədri Patrik Perosa çıxış etdi: “Qurumda 162 ölkə təmsil olunur. Böyük məmnunluq hissi duyuruq ki, Azərbaycan da bizim aramıza qoşulub. Beynəlxalq İdman Hamı üçün Assosiasiyası (TAFİSA) adından da bəlli olduğu kimi, hər birimizi dostluğa və sülhə dəvət edir”.
Alpaqut döyüş sənətinin qurucusu Vasif Namazov isə öz çıxışında Alpaqut idman növünün hədəflərindən danışdı.
Onu da qeyd edim ki, BMT, UNESCO və Olimpiya Komitəsi tərəfindən tanınan Beynəlxalq İdman Hamı üçün Assosiasiyası (TAFİSA) 1991-ci ildə yaranıb.
Dünya Alpaqut Federasiyasının prezidenti
Millət vəkili Jalə Əhmədova


