Daşınmaz əmlakın sonrakı ipotekasının dövlət qeydiyyatı üçün müraciət və sənədlərin qəbulu elektronlaşdırılmışdır. Bunun üçün müraciət etmək istəyən şəxs e-emlak.gov.az portalına daxil olaraq, “Elektron xidmətlər” bölməsindən “Daşınmaz əmlakın ipotekasının əlavə dövlət qeydiyyatı və sonrakı ipotekanın dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”nu seçərək, açılan səhifədə tələb olunan məlumatları qeyd edir və lazımi sənədləri müraciətə əlavə edir.
Ərizəçinin öz ərizəsinə əlavə etməli olduğu sənədlər: 1) daşınmaz əmlakın sonrakı ipotekası haqqında notarial müqavilə, 2) ipoteka saxlayan adından müraciət edən nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd və onun adına verilən etibarnamədir.
Xidmətin həyata keçirilməsi üçün dövlət rüsumu və xidmət haqqı ödənilir.
Ərizə icra olunduqdan sonra ipotekanın sonrakı dövlət qeydiyyatına alınması barədə elektron çıxarış tərtib olunur və bu barədə SMS bildiriş göndərilir.


