Caspian Energy Club Georgia tərəfindən oktyabrın 24-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində ticarət və logistika məsələlərinin müzakirəsinə həsr olunmuş Tbilisi CEO MeetUp təşkil olunmuşdur. CEO MeetUp Caspian Energy Club tərəfindən 20 ölkədə planlaşdırılan və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev cənablarının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilmişdir.
Bu barədə BAKU.NEWS-a Caspian Energy Club Georgia-nın Sədri Natiq Məmmədov bildirib.
Tədbirin əsas məqsədi Gürcüstanın və Azərbaycanın iş adamlarını bir araya gətirərək təcrübə və xarici bazarlara çıxış, ticari vəziyyət barədə məlumat paylaşımı, beynəlxalq təcrübə mövzusunda fikir mübadiləsi aparmaq olmuşdur. Görüşdə Azərbaycanın və Gürcüstanın müvafiq dövlət qurumlarının rəhbər və nümayəndələrinin, habelə Caspian Energy Club-un fəaliyyət göstərdiyi ölkələrin dövlət və özəl şirkətlərinin top-menecerlərin iştirak etmişlər.
“Son illər Azərbaycanda nəqliyyat və logistika sahəsində həyata keçirilən nəhəng layihələr sayəsində ölkəmizə olan maraq getdikcə artır. Bu layihələr Azərbaycanı regionun logistika mərkəzinə çevirir. Bu yaxınlarda biz Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Gürcüstana tarixi səfərinin şahidi olduq. Səfər çərçivəsində hər iki dövlətin nəqliyyat sektorunda yeni layihələrin həyata keçirilməsi ilə bağlı bir sıra mühüm qərarlar qəbul edildi. Düşünürəm ki, bu layihələrin həyata keçirilməsi Azərbaycanın tranzit ölkəyə çevrilməsinə və regionun nəqliyyat təhlükəsizliyinin güclənməsinə xidmət göstərəcək”, – deyə Natiq Məmmədov xüsusi vurğulayıb.
Tarixi bir layihə olan Bakı-Tbilisi-Qarsın həyata keçirilməsindən danışan Natiq Məmmədov, sözügedən layihənin dövlət qurumları və sahibkarlar tərəfindən böyük maraqla qarşılandığını diqqətə çatdırıb. O bildirib ki, CEO MeetUp Tbilisi çərçivəsində Azərbaycan və Gürcüstan arasındakı strateji iqtisadi və ticari tərəfdaşlıq, nəqliyyat və logistika sahələrində əməkdaşlıq, eyni zamanda, Orta Dəhliz layihəsinin inkişafı və perspektivləri, dəmir yolu xətti layihəsi, magistral yollar, dəniz limanları kimi mövzular müzakirə edilmişdir. “Bu layihələr Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əlaqələrin genişlənməsinin, özəl şirkətlərin fəal iştirakının və bir birinə artan marağının bariz nümunəsidir”, – Natiq Məmmədov əlavə edib.
Onun sözlərinə görə, görüş həmçinin ölkələrimizin bərabər gerçəkləştirdiyi Anakliya dərin dəniz limanının tikintisi, iki ölkə arasında logistik layihələrin əhəmiyyəti, tranzit yükdaşımaları kimi mövzuları da əhatə etmişdir.
Tbilisi CEO MeetUp-da Caspian Energy Club-un Sədri və Qrupun Baş Direktoru cənab Telman Əliyev, Gürcüstanın Ticarət Palatasının Baş Direktorunun müavini xanım Maqda Bolotaşvili, Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Gürcüstan İşgüzar Şurasının Sədri cənab Osman Çalışkan, Caspian Energy Club Georgia-nın Sədri cənab Natiq Məmmədov iştirak etmişlər.
ASE Express şirkətinin baş direktoru Rəşad Abbasovun moderatorluğu ilə keçən sessiyada iştirakçılar “Ticarət və Logistika. Orta dəhlizin imkanları və perspektivləri” mövzusunu geniş müzakirə etmiş və fikir mübadiləsi aparmışlar. Sözügedən sessiyada Batumi Dəniz Limanın Baş direktorun əməliyyatlar üzrə müavini Tengiz Varşanidze, Valour Logistics şirkətinin Baş direktoru İlqar Hüseynov, Batumi Dəniz Limanının Monitorinqi Xidmətinin Baş direktoru George Murvanidze spiker qismində iştirak etmişlər.
Daha sonra Tbilisi CEO MeetUp ikitərəfli görüşlərlə və networking hissəsi ilə davam etmişdir.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes – hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.


