Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Daxil olan vətəndaş müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən Lerik rayonu, Nizami küçəsində fəaliyyət göstərən fiziki şəxs Bağırov Raqib Rəhim oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, mətbəxdə qida məhsullarının hazırlanması və emalı üçün gigiyenik cəhətdən uyğun şəraitin olmadığı, döşəmə və divarların asan yuyula bilən materialla üzlənmədiyi, tullantı qablarının qapağının açıq şəkildə saxlanıldığı, qida məhsullarının hazırlanması üçün içməli su ilə təmin olunmadığı, temperatur rejiminə əməl edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, pəncərələrin qoruyucu torla təmin olunmadığı, həmçinin mütəmadi dezinfeksiya işlərinin aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi məlum olub. Aşkar olunmuş nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.


