“Bu yaxınlarda Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilmişdi. Amma ermənilər yenə də öz xislətlərini ortaya qoyaraq razılıqdan boyun qaçırıblar. Bu, ictimaiyyəti çaşdırmaq və özünü fəlakətə sürükləməkdən başqa bir şey deyil”.
Bunu BAKU.NEWS-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.
Ağdam–Xankəndi dəmir yolunun 1979-cu ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə inşa olunduğunu diqqətə çatdıran M.Məmmədov bildirib ki, uzaqgörən və müdrik siyasətçi Heydər Əliyev Dağlıq Qarabağın inkişafına hər zaman böyük diqqət yetirirdi. Ulu Öndərin təşəbbüsü ilə Qarabağ bölgəsinə dəmir yolu xətlərinin çəkilməsi bu bölgənin inkişafında paytaxt Bakı ilə əlaqələrinin möhkəmlənməsinə zəmin yaradıb. Bununla həm də regionun iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə artıb.


