Bu gün “ASAN xidmət” işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyev 2012-ci il dekabrın 29-da ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığını nəzərə alaraq, 2017-ci il dekabrın 29-da hər il həmin günün ölkəmizdə “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barəsində Sərəncam imzalayıb.
BAKU.NEWS xəbər verir ki, doqquz il əvvəl fəaliyyətə başlayan “ASAN xidmət” ölkəmizdə ictimai xidmətlər sahəsində köklü dəyişikliklərə səbəb olub. İlkin mərhələdə bu konsepsiya ölkə daxilində vətəndaş-dövlət qurumu münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qaldırılmasını nəzərdə tuturdusa, indi o, ölkə hüdudlarından kənarda da uğurla tətbiq olunur.
Bir məkanda bir neçə məsələnin həll edilməsi, əlavə xərcə düşməmək, vaxt itkisinin minimuma endirilməsi “ASAN xidmət”i fərqləndirən ən başlıca xüsusiyyətlərdəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan bu xidmətin uğur qazanmasının əsas sirlərindən biri milli cəmiyyətin xüsusiyyətlərinin nəzərə alınmasıdır. Burada xüsusi fəaliyyət normaları tətbiq olunur. “ASAN xidmət” dünyada bu qəbildən olan yeganə strukturdur və milli intellektual brenddir.
“ASAN” xidmətin işçi heyətinin əksəriyyəti gənclərdən ibarətdir və fəaliyyət göstərdiyi səkkiz il ərzində minlərlə könüllü bu konsepsiyanın ayrılmaz hissəsinə çevrilib. “ASAN xidmət”in könüllüləri pandemiya və Vətən müharibəsi dövründə aktiv fəaliyyətlərini davam etdirib, müxtəlif layihələr həyata keçiriblər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət etmiş “ASAN xidmət”in yüzlərlə əməkdaşından 36 nəfəri könüllü olaraq ordu sıralarına qoşulub. Onlardan 2 nəfəri şəhid olub.


