Rusiya və Türkiyə hərbçiləri tərəfindən vəziyyətin birgə monitorinqi zamanı Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması halı qeydə alınmayıb.
BAKU.NEWS Azvision.az-a istinadla xəbər verir ki, bu barədə Birgə Mərkəzin nümayəndəsi, rusiyalı polkovnik Mixail Zavalkin bildirib.
Onun sözlərinə görə, vəziyyətin monitorinqi pilotsuz uçuş aparatları, xüsusilə “Forpost” və “Orlan-10” PUA komplekslərindən istifadə etməklə gecə-gündüz həyata keçirilir. İndiyədək atəşkəs pozuntuları qeydə alınmayıb.
Rusiyalı zabit vurğulayıb ki, Birgə Mərkəzin hərbi qulluqçuları davamlı olaraq pilotsuz uçan aparatlardan idarəetmə mərkəzinə görüntülər alır, burada bütün hərbi texnikanın, personalın hərəkəti təhlil olunur və tərəflərin təmas xəttini keçməsinin bütün faktları qeyd edilir.
Həmçinin vurğulanıb ki, Birgə Mərkəzin növbətçiləri əldə olunmuş razılaşmaların pozulması barədə məlumatları toplayır, ümumiləşdirir, yoxlayır və tərəflərin əldə olunmuş razılaşmaları yerinə yetirməməsi ilə bağlı problemlər barədə şikayətlərinə baxılır.


