“AFB Bank” ASC-nin keçmiş baş kassirinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məhkəmə mübahisəsi kassasiya instansiyasınadək davam edib.
Bankın keçmiş əməkdaşı E.Quliyevin işdən çıxarılması barədə əmrin ləğv edilməsi, işə bərpası və məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi tələbləri üzrə verdiyi şikayət üzrə qərar çıxarılıb.
İş materiallarına əsasən, E.Quliyev 2012-ci ildə “AFB Bank” ASC-nin müştəri xidmətləri departamentinin kassasında kassir vəzifəsinə qəbul edilib, sonradan baş kassir vəzifəsinə keçirilib.
İş üzrə müəyyən edilmiş hallara görə, bankın daxili nəzarət strukturu tərəfindən aparılan araşdırma zamanı kassada valyuta mübadiləsi əməliyyatlarının icrası ilə bağlı pozuntular aşkar edilib. Araşdırma materiallarında qeyd olunub ki, bəzi əməliyyatlar müxtəlif vaxtlarda bank sisteminə vaxtında daxil edilməyib və nəticədə ASC vəsaitinin mənimsənilməsi halları baş verib. Bu faktlarla bağlı bəzi kamera görüntülərinin də mövcud olduğu bildirilib.
E.Quliyev işəgötürənə ünvanladığı izahatlarında 2022–2025-ci illər ərzində 941 əməliyyat üzrə bankın 4 541,74 manat gəlirini şəxsi məqsədləri üçün istifadə etdiyini etiraf edib. O, həmçinin ayrı-ayrı əməliyyatlar zamanı vəsaitləri mənimsədiyini və həmin məbləği müəyyən edilmiş tarixədək geri ödəyəcəyini söyləyib.
Məhkəmə materiallarına əlavə edilmiş mədaxil qəbzlərinə əsasən, sabiq əməkdaş banka iki ödənişlə ümumilikdə 4 541,74 (1,800 və 2,741,74) manat ödəyib.
İşəgötürən bankın əmri ilə E.Quliyevin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. Həmin norma işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Məcəllənin 72-ci maddəsində nəzərdə tutulan hallarda əmək vəzifələrini kobud şəkildə pozması ilə bağlıdır.
Bundan sonra E.Quliyev Yasamal Rayon Məhkəməsinə müraciət edərək işdən çıxarılması barədə əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmasını və işə bərpa edilənədək məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsini tələb edib.
İddiaçı bildirib ki, bankda işlədiyi müddətdə əmək intizamını pozmayıb və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsassızdır. Onun sözlərinə görə, işdən çıxarılması barədə əmrin surətini almaq üçün müraciət etsə də, sənəd ona təqdim edilməyib. O, yalnız əmək kitabçasındakı qeydlərlə tanış olduğunu və son haqq-hesabın aparıldığı tarixdə əmək kitabçasını aldığını qeyd edib.
Yasamal Rayon Məhkəməsi işə baxarkən E.Quliyevin ASC-yə təqdim etdiyi yazılı izahatları və digər halları qiymətləndirib.
Məhkəmədə E.Quliyev həmin izahatları şəxsən yazdığını və sənədlərdə göstərilən halların baş verdiyini təsdiqləyib. Birinci instansiya məhkəməsi hesab edib ki, iddiaçının öz izahatlarında bankın 4 541,74 manat gəlirini şəxsi məqsədləri üçün istifadə etdiyini etiraf etməsi ciddi intizam pozuntusuna yol verdiyini və işəgötürənin qanuni mənafelərinə zərər dəydiyini göstərir.
İddiaçı isə uzun illər işləməsinə baxmayaraq əvvəllər intizam məsuliyyətinə cəlb edilmədiyini vurğulayaraq, işəgötürənin ona xəbərdarlıq, töhmət və ya şiddətli töhmət kimi daha yüngül intizam tənbehi tətbiq edə biləcəyini deyib.
Məhkəmə bu arqumenti qəbul etməyib. Qətnamədə qeyd olunub ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi işəgötürənə əmək müqaviləsinə xitam vermək hüququ verir. Məhkəmə iddiaçının hərəkətlərini əmək öhdəliklərinin pozulması kimi qiymətləndirərək iddianı təmin etməyib.
Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan E.Quliyev apellyasiya şikayəti verib. O, işin hallarının tam və obyektiv araşdırılmadığını, məhkəmənin əsasən “AFB Bank” tərəfindən təqdim edilmiş izahatlara istinad etdiyini bildirib.
İddiaçı apellyasiya şikayətində qeyd edib ki, bank əməkdaşları onu kassada 105 000 manat çatışmazlıq olması və bu məsələ ilə bağlı prokurorluğa məlumat veriləcəyi ilə qorxudaraq təzyiq altında saxlayıblar. Onun iddiasına görə, 4 541,74 manat məbləğində pul da həmin təzyiq nəticəsində alınıb.
E.Quliyev bankın kassasında faktiki çatışmazlığın olmadığını və işəgötürənə maddi ziyan vurmadığını iddia edib. O, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini, 2025-ci il üzrə kassada çatışmazlığın olub-olmamasının və mümkün çatışmazlığın məbləğinin müəyyənləşdirilməsini istəyib.
Bakı Apellyasiya Məhkəməsindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş edib.
“AFB Bank” ASC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını istəyib.
Bakı Apellyasiya Məhkəməsi E.Quliyevin apellyasiya şikayətini təmin etməyib və Yasamal Rayon Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayıb.
Bundan sonra E.Quliyev kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini istəyib.
Ali Məhkəmədə qəbul edilmiş qərara əsasən, iddiaçının kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılıb.
Beləliklə, E.Quliyevin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi tələbləri təmin edilməyib.
Qeyd edək ki, “AFB Bank” ASC 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manatdır. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova, 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur. (Plat)
TREND
- Taleh Kazımovun ekspertlərlə görüşü keçirilib
- Azərbaycan mətbuatından oğurlanan pullar
- Vergi xidmətinin 3 vəzifəli şəxsi 200 min manat rüşvət almaqda ittiham olunur
- Noyabrda 11 gün iş olmayacaq
- Media və Yayım Şurasından AÇIQLAMA
- Baş kassir “AFB Bank”ın pullarını mənimsəyirmiş – MƏHKƏMƏDƏ DETALLAR ÜZƏ ÇIXDI
- Bakı məktəblərinə işə qəbul üçün müəllimlər axtarılır – VAKANSİYA ELAN OLUNDU
- Red Bull Wings Cup Azərbaycan çempionu bəlli oldu
Digər xəbərlər
2026 © BAKU NEWS. Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə BAKU.NEWS-a istinad etmək mütləqdir.


