“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Türkiyənin paytaxtı Ankara şəhərinə uçuşları bərpa edəcək.
Şirkətdən BAKU.NEWS-a verilən məlumata görə, Bakı-Ankara-Bakı marşrutu üzrə xüsusi reyslərin 17 may tarixindən etibarən həyata keçirilməsi nəzərdə tutulur.
Uçuş cədvəlinə əsasən, aviaşirkət həftədə iki reys – həftənin birinci və dördüncü günləri uçuşlar yerinə yetirəcək.
Azərbaycanın aşağıbüdcəli aviaşirkəti ötən ilin 6 dekabr tarixindən İzmir şəhərinə uçuşlar həyata keçirir, cari ilin 18 mart tarixindən isə Bakıdan İstanbula hava əlaqəsini bərpa edib.
Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.
Qeyd edilən reyslərə biletlər “Buta Airways” aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur.
Aviabiletlərin qiyməti 55 avrodan başlayır.
Pandemiya dövründə həmin reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.
Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq.


