Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin tələbatı artmaqda davam edir. “Azərbaycan Dəmir Yolları” (ADY) artıq reyslərə əlavə vaqon qoşduğunu bildirir. Ekspertlər isə deyir, artan tələbatı qarşılamaq üçün əlavə reyslərə və daha aşağı tarifli səyahət imkanlarına ehtiyac var.
Hazırda ADY Bakı–Tbilisi istiqamətində dinamik tarif siyasəti tətbiq edir. Bu sistemə əsasən, bilet qiymətləri tələbatdan və alış tarixindən asılı olaraq dəyişir. Yəni sərnişinlər biletləri səfər tarixindən 90 gün əvvəl almaqla, 78 manat 80 qəpikdən başlayan qiymətlərdən yararlana bilirlər.
Bəs dinamik tarif siyasəti sərnişinlər üçün nə dərəcədə əlverişlidir?
Mövcud qiymətlər və reyslərin sayı artan tələbatı qarşılayırmı?
Mövzu ilə bağlı Plat.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, dinamik tarif sistemi müəyyən üstünlüklərə malik olsa da, Bakı–Tbilisi marşrutunda əsas problem reyslərin məhdud sayda olmasıdır.
Dinamik tarif əvvəlcədən planlaşdıran sərnişin üçün sərfəlidir
R.Ağamirzəyevin sözlərinə görə, dinamik qiymətləndirmə səfərini əvvəlcədən planlaşdıran sərnişinlər üçün daha münasib qiymətlərdən yararlanmağa imkan yaradır. Eyni zamanda bu yanaşma daşıyıcı şirkətə də sərnişin axınını daha səmərəli planlaşdırmağa kömək edir.
“Biletlərin satış müddətinin 30 gündən 90 günə qaldırılması düzgün qərardır. Təklif edərdik ki, gələcəkdə bu müddət daha da artırılaraq bir ilə qədər uzadılsın”, – deyə ekspert əlavə edib.
ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyevin Plat.az-a təqdim etdiyi məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərin satışa çıxarıldığı 21 may 2026-cı il tarixindən indiyədək 20 mindən çox bilet alınıb.
“ Biletlər həm onlayn, həm ənənəvi qaydada satışa çıxarılıb. Bütün reyslərdə tam doluluq qeydə alınıb”,- deyə qurumun sözçüsü bildirilib.
Əsas problem reyslərin azlığıdır
Bakı–Tbilisi reysi Bakı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik, Qardabani və Tbilisi stansiyalarında dayanır.
Ekspert Rauf Ağamirzəyevin fikrincə, mövcud infrastruktur və qatarların hərəkət qrafiki əlavə reyslərin təşkilinə imkan verir.
“Bakıdan Böyük Kəsiyə qədər məsafə 498 kilometrdir və qatar bu yolu 6 saat 10 dəqiqəyə qət edir. Gecə reyslərində orta sürət dayanacaqlarla birlikdə, təxminən saatda 80 kilometr təşkil edir. Hesablamalarıma görə, sərhəd-keçid prosedurları optimallaşdırılarsa və gündüz oturaq tipli qatarlar istifadəyə verilərsə, gün ərzində 4 gündüz və 1 gecə olmaqla, ümumilikdə 5 reys təşkil etmək mümkündür. İki mərtəbəli Stadler qatarı bir reysdə 500-ə yaxın sərnişin daşıya bilir və bu imkanlardan daha səmərəli istifadə oluna bilər”, – deyə ekspert bildirib.
Ağamirzəyev hesab edir ki, sərnişinlərə yalnız daha çox reys deyil, həm də fərqli qiymət və komfort səviyyələrində seçim imkanları təqdim edilməlidir.
Onun sözlərinə görə, mövcud “Stadler” yataq tipli qatarın marşrutunu Batumiyə qədər uzatmaq, əlavə olaraq lizinq əsasında klassik yataq tipli qatarlar və gündüz oturaq tipli “Stadler” reysləri təşkil etmək mümkündür.
“Bəzi sərnişinlər daha münasib qiymətə platskart və ya kupe tipli klassik qatarlarla, digərləri isə daha komfortlu “Stadler” qatarları ilə səyahət etmək istəyirlər. Vaxta üstünlük verənlər üçün isə gündüz reysləri daha əlverişlidir. Mövcud hərəkət tərkibi kifayət etmirsə, işlənmiş qatarların lizinq və ya icarə əsasında xəttə cəlb edilməsi bu problemi əhəmiyyətli dərəcədə həll edə bilər”, – deyə ekspert əlavə edib.
ADY: Aşağı tarifli səyahət imkanları araşdırılır
ADY-nin mətbuat katibi Bəxtiyar Hacıyev də Bakı–Tbilisi marşrutu üzrə tələbatın yüksək olduğunu bildirib. Onun sözlərinə görə, iyunun 11-dən etibarən qatarlara əlavə vaqon qoşulub.
“Qarşıdakı 30 gün üçün Azərbaycandan Gürcüstana reyslər üzrə biletlərin böyük əksəriyyəti satılıb. Gürcüstandan Azərbaycana olan reyslər və əlavə satışa çıxarılan biletlər də qısa müddətdə tükənib”, – deyə o bildirib.
Hacıyevin sözlərinə görə, buna ölkədə qüvvədə olan sərhəd qaydaları da təsir göstərir.
“Qaydalara əsasən, əcnəbilərin Azərbaycanı quru sərhədindən tərk etməsinə məhdudiyyət yoxdur. Lakin ölkəyə giriş yalnız hava və dəmir yolu ilə mümkündür. Bu səbəbdən Gürcüstandan Azərbaycana hərəkət edən qatarlara tələbat yüksəkdir. Hazırda isə bu marşrut üzrə daha aşağı tarifli səyahət imkanlarının yaradılması istiqamətində araşdırmalar aparılır”, – deyə ADY rəsmisi bildirib.
Sərhəd yoxlamaları səfəri iki saat uzadır
Ekspert R.Ağamirzəyev sərhəd-keçid prosedurlarının optimallaşdırılmasının zəruriliyini belə əsaslandırır: “Hazırda qatar hər iki sərhəd məntəqəsində təxminən bir saat dayanır. Nəticədə Bakı ilə Tbilisi arasındakı 560 kilometrlik marşrut üzrə 9 saat 30 dəqiqə davam edən səfərin təxminən 2 saatı sərhəd yoxlamalarına sərf olunur”, – deyə o qeyd edib.
Qeyd edək ki, dinamik tarif siyasəti 2024-cü ilin noyabrından etibarən ölkədaxili qatar reyslərində tətbiq edilir. 2026-cı ilin mayın 25-dən isə Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutuna da şamil olunub.


