Tərtər rayon Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi olmuş Cahan Əhmədlinin əmək müqaviləsinə xitam verilib.
Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsi qərar çıxarıb.
Regional Şöbənin rəisi tərəfindən qəbul edilən inzibati xəta haqqında qərarla müvafiq orqan İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 1 500 manat məbləğində cərimə olunub.
Həmin qərardan Musiqi Məktəbi Tərtər Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsini tələb edib. Məhkəmənin qərarı ilə şikayət təmin edilib, inzibati tənbeh vermə haqqında qərar ləğv olunub və inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.
Birinci instansiya məhkəməsinin qərarından Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsi apellyasiya şikayəti ilə Gəncə Apellyasiya Məhkəməsinə üz tutub. Dövlət qurumu qərarın ləğv edilməsini və Qarabağ Regional Şöbəsinin inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını xahiş edib.
Apellyasiya şikayətində qeyd olunub ki, Tərtər rayon Uşaq Musiqi Məktəbinin musiqi müəllimlərinin attestasiyası keçirilib. Attestasiya zamanı məktəbin fortepiano müəllimi Əhmədli Cahan Əhməd qızı uğursuz nəticə göstərərək attestasiyadan keçə bilməyib. Attestasiya komissiyasının qərarı ilə onun tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilib.
Bildirilib ki, əmrə əsasən, Cahan Əhmədli işdən azad olunub. Lakin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməli olduğu halda, xitam həmin Məcəllənin 68.2-ci maddəsinin “a” bəndinə əsasən rəsmiləşdirilib.
Şikayət verən tərəf hesab edib ki, əmək müqaviləsinə xitamın hüquqi əsasının bu qaydada müəyyənləşdirilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmayıb və Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozulub. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və inzibati tənbeh haqqında qərarın qüvvədə saxlanılması tələb olunub.
Apellyasiya şikayətində, həmçinin birinci instansiya məhkəməsinin araşdırma və sübutların qiymətləndirilməsi zamanı obyektivliyə riayət etmədiyi iddia olunub.
Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin edib, Tərtər Rayon Məhkəməsinin qərarı ləğv edilib. Eyni zamanda Qarabağ Regional Şöbəsinin rəisi tərəfindən qəbul edilən qərar – müvafiq orqanın İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 500 manat məbləğində cərimə edilməsi barədə qərar dəyişdirilmədən saxlanılıb.
Beləliklə, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarı qüvvədən düşüb, 1 500 manat məbləğində inzibati cərimə isə qüvvədə qalıb.
Plat.az


