“Azərbaycan xalçaçıları” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Azərbaycan xovsuz xalçası” innovativ maarifləndirici veb-tətbiqin yaradılması layihəsinin icrasına başlayıb. Layihə ötən il keçirilmiş “Regionlarda xalçaçılıq sənətinin inkişafına dəstək” layihəsinin davamı kimi nəzərdə tutulub.
“Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyevanın rəhbərliyi ilə keçirilmiş toplantı zamanı İB üzvləri layihənin məqsədi və məramı haqqında məlumatlandırılıb.
Qeyd edilib ki, layihənin əsas məqsədi Azərbaycan xovsuz xalçaları üzrə innovativ maarifləndirici veb-tətbiq hazırlamaqla, sənətşünaslıq, tarix, xalçaçı-rəssam, muzeyşünaslıq, toxuculuq texnologiyası, boyaqçılıq texnologiyası, kənd təsərrüfatı, biologiya, kimya və digər sahələrdə müxtəlif təhsil pilləsində oxuyan tələbələrin, kolleksiyaçıların, fərdi sahibkarların xovsuz xalçaların adı, tarixi, təsnifatı üzrə məlumatı bir informasiya resursundan əldə etmək imkanı yaratmaqdır. Layihə həmçinin mədəni irsimizi yaşatmaq, təbliğ etmək və araşdırmaq baxımından böyük əhəmiyyətə malikdir.
Layihə çərçivəsində həyata keçiriləcək ustad dərsləri, görüşlər insanlar arasında xovsuz xalçalara marağı artırmaqla yanaşı, ondan müasir dizaynda istifadə imkanları haqqında fikir mübadiləsi imkanı yaradacaq. Layihənin fəaliyyət planı hazırlanıb, işçi qrupu yaradılıb və hal-hazırda məlumatların toplanılması mərhələsinə başlanılıb.


