“Bizim hazırda nəzarət etdiyimiz torpaqlar və strateji yüksəkliklər 30 il əvvəl nəzarətimizdə deyildi. Bu üstünlüklərin qazanılmasının səbəbləri çoxdur. Amma əsas səbəb Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, siyasi bacarığı və Azərbaycan xalqının, qəhrəman əsgərlərimizin daim onun yanında olması oldu. İndi artıq güclü Liderimiz, Ordumuz, iqtisadiyyatımız var”.
Bunu BAKU.NEWS-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
İndi sanki tarixin yenidən təkrarlandığını, ermənilərin yenə özlərinin 30 il əvvəlki köhnə metodları ilə hərəkətə keçdiklərini deyən T.Mirkişili qeyd edib: “Yenə həmin aksiyalar, şikayətlər, “acından ölürük”, “blokada” şouları və s… Yəni, görünən odur ki, ermənilər heç dəyişməyiblər. Bəzən elə gəlir ki, ermənilər üçün zaman anlayışı yoxdur, sanki onların saatı dayanıb.
Azərbaycan isə əksinə, həm dövlət, həm də xalq olaraq keçmişdə buraxılan səhvlərdən çox böyük nəticə çıxarıb. Azərbaycan artıq dünyada nüfuzu olan güclü liderə, müharibədə hər şeyini qurban verən qalib xalqa, istənilən layihəni maliyyələşdirə bilən iqtisadiyyata, etimada əsaslanan müttəfiqlərə və regionda ən güclü orduya sahib olan ölkədir.


