Dövlət başçısı cənab İlham Əliyev 25 noyabr tarixində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan – Pakistan dostluq münasibətlərinə münasibət bildirərkən bildirib: “Azərbaycan – Pakistan münasibətləri dostluq və qardaşlıq müstəvisində inkişaf edir. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizimlə olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir”.
Məlum olduğu kimi, Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb.
Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Bu dost ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Azərbaycanın bu dost ölkə ilə əməkdaşlığında hərbi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib.
Pakistan İslam Respublikası Azərbaycan xalqını Qarabağ məsələsində hər zaman dəstəkləmiş və hər zaman bizimlə olmuşdur. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycanın Ərəb Liqası Sammitində iştirakı dostluq və hörmət nümunəsidir. Ərəb Liqası nümayəndəliyinin Bakıda açılması ehtimalı da mövcuddur. Nümayəndəliyin açılması əməkdaşlığımızın mahiyyətini əks etdirəcək. İşğal dövründə və işğaldan azad edilmə zamanı Ərəb Liqasının üzvü olan ölkələr bizi dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən bir sıra qətnamələr qəbul etmişlər. Azərbaycan, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi üzərində fəal surətdə çalışır. Pandemiya vaxtı biz 80-dən çox ölkəyə, o cümlədən Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə maliyyə yardımı və humanitar dəstək göstərmişik.
Hilalə Əhmədova
Göygöl rayonu Toğanalı kənd tam orta məktəbin müəlimi


