İkitərəfli əlaqələri aydın müəyyən olunmuş strateji prioritetlərə və istiqamətlərə əsaslanan Azərbaycan-Özbəkistan münasibətlərinin səviyyəsi bu gün özünün pik nöqtəsindədir. Ölkələrimiz arasında olan əlaqələr dərin tarixi köklərə, xalqlarımızın adət-ənənə, dil, mədəniyyət və din yaxınlığına əsaslanır.
Yerləşdikləri regionda dinamik inkişafları ilə seçilən hər iki ölkə, həm də bir-birini strateji tərəfdaş hesab edir. Əgər diqqət yetirsək, görərik ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin qurulmadığl elə bir sahə yoxdur. Heç şübhəsiz ki, dövlətlərarası münasibətlərin hazırkı səviyyəyə çatmasında hər iki ölkənin liderləri arasında mövcud olan dostluq, qardaşlıq münasibətləri əsas faktordur. Tarixə nəzər saldıqda görürük ki, ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı onminlərlə azərbaycanlı qardaş Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.
Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev bu siyasəti ən yüksək səviyyədə davam etdirirlər. Təsadüfi deyil ki, hər iki Prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Əminliklə demək olar ki, Şavkat Mirziyoyevin avqustun 22-də Ölkəmizə baş tutan dövlət səfəri qardaş ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə açmışdır. İki ölkə arasında dostluğun rəmzi çevrilmiş, Özbəkistan dövlətinin vəsaiti ilə işğaldan azad edilmiş Füzuli şəhərində tikilmiş beş korpusdan ibarət məktəb binası dost ölkənin işğaldan azad olunmuş torpaqlarımıza və füzulililərə qardaş töhfəsidir.
Rəhman Rəhmanov;
Neftçala rayon sakini, müəllim


