Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev cari ilin 3 may tarixində mədəniyyət beşiyimiz hesab edilən əzəli Şuşa şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı bir çox regional və beynəlxalq münasibətlərə toxundu.
Ermənistan-Azərbaycan sülh prosess ilə bağlı danışan Ölkə başçısı otuzillik işğalın Ermənistana heç bir üstünlük vermədiyini, əksinə, onların regional inkişaf proseslərindən təcrid edildiklərini açıq şəkildə bildirdi.
Zaman göstərdi ki, tarixi hadisələr böyük ölçüdə yeni siyasi reallıqlar formalaşdırır. Bu mənada Vətən Müharibəsinin nəticələri də yerləşdiyimiz regionda yeni siyasi reallıqları formalaşdırdı. Bu məsələyə bir neçə aspektdən yanaşmaq olar. Belə ki, Tarixi Zəfərlə Ölkəmiz özünün ərazi bütövlüyünü təmin edib. Qarşıdakı mərhələdə isə Ermənistanla sülh müqaviləsinin imzalanması dayanır. Şübhə yoxdur ki, bu müqavilə iki dövlət arasında ən əsas məsələlərə aydınlıq gətirəcəkdir. Cənab Prezident Şuşadakı beynəlxalq konfransda bütün məsələləri tam aydınlığı ilə bir daha Ermənistana, onun havadarlarına və beynəlxalq ictimaiyyətə çatdırdı. Bilirik ki, artıq uzun müddətdir ki, Azərbaycanın sülh çağırışına Ermənistan aydın və adekvat cavab vermir. Onların sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün atdıqları addımlar bu ölkənin “dalan” kimi qalmasına xidmət edəcəkdir. Son dövrlər erməni hakim dairələrin bəzi bəyanat və fikirləri onu göstərir ki, artıq Ermənistan da anlayır ki, başqa çıxış yolu yoxdur və Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, gələcək inkişafı da yubadır. Bu isə yeni qlobal iqtisadi düzənin formalaşmasına öz mənfi təsirlərini göstərir.
Bu gün bir fakt da məlumdur ki, Azərbaycan Vətən Müharibəsinə qədərki apardığı siyasəti, danışıqlar, sülh çağırışlarını hazırda davam etdirir. Bütün bunlar bir daha sübut edir ki, Ölkəmiz istənilən halda qonşuları ilə normal münasibətdə, inteqrasiya olunmuş şəkildə yaşamağı üstün tutur.
Əli Qəmbərov;
Neftçala rayon sakini


