24-25 noyabr 2023-cü il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş XV Azərbaycan Gənc Oftalmoloqlar konfransı və Azərbaycan Gənc Oftalmoloqların I Forumu keçirilir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə 24-25 noyabr 2023-cü il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş XV Azərbaycan Gənc Oftalmoloqlar konfransı və Azərbaycan Gənc Oftalmoloqların I Forumu keçirilir. Konfransın keçirilməsində məqsəd oftalmologiyada baş verən yeniliklərdən, oftalmologiyanın aktual məsələ və problemlərindən danışmaq, gənc kadrların bu yenilik və nailiyyətlərdən məlumatlanması və onlara dəstək olmaqdan ibarətdir.
Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında rolu danılmazdır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatların müəllifidir. Ümumiyyətlə onun 200-qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri var idi. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir. Həmçinin Zərifə Əliyeva “peşə oftalmologiyası”nın və Azərbaycan lakrimologiyasının əsasını qoymuş alim kimi tarixə keçib.
Konfransda Milli Oftalmologiya Mərkəzi, respublika və xaricdən (Türkiyə, Rusiya, İtaliya, San Marino, Hindistan, Çin) bir çox gənc alimlər və oftalmoloqlar öz məruzələri ilə çıxış edirlər. Həmçinin, Azərbaycanda ilk dəfə olaraq Gənc Oftalmoloqların Forumu keçirilir.
Konfransda “Miopiyanın buynuz qişanın endotel hüceyrələrinin sıxlığı ilə əlaqəsi”, “Keratokonuslu xəstələrdə hibrid linzaların tətbiqi”, “Katarakta cərrahi əməliyyatından sonra rast gəlinən endoftalmit və onun müalicə prinsipləri”, “Göz zədələnmələri zamanı düzgün yanaşma”, “Proliferativ diabetik retinopatiyanın cərrahi müalicəsi”, “Anadangəlmə katarakta və genetikası”, “Qalmış billur materialları üçün cərrahi yanaşma” və s. kimi məsələlər müzakirə edilir.












