Ölkəmizin otuz ildən sonra pozulmuş ərazi bütövlüyünü öz gücü ilə döyüş meydanında bərpa etməsi Azərbaycana beynəlxalq baxışın dəyişməsini şərtləndirdi.
Artıq dünya birliyi Azərbaycanın real gücünü, iqtisadi potensialını qəbul edərək, ölkəmizə qarşı reallığa dayanan münasibət sərgiləməyə başladı. Bu mənada ötən il beynəlxalq birlk tərəfindən ölkəmizin 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP-29) ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirilməsi tarixi uğurumuz hesab edilir.
Siyasi cəhətdən də çox mühüm əhəmiyyət kəsb edən bu qərarın Ermənistanla münasibətlərin normallaşdırılması mərhələsi dövrünə düşməsi əlbəttə ki, təsadüfi deyildir. İndidən proqnozlaşdırmaq olar ki, Azərbaycan COP-29-a ən yüksək səviyyədə, uğurla ev sahibliyi edəcəkdir. Bunun üçün Azərbaycanın kifayət qədər təcrübəsi və resursu vardır. Ölkəmizin on minlərlə qonağın iştirak edəcəyi beynəlxalq tədbirin keçirilməsi üçün zəruri olan infrastruktur, o cümlədən beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı böyük təcrübəsi vardır.
Misal üçün 2012-ci ildə Azərbaycanda “Avroviziya” mahnı müsabiqəsinin, 2015-ci ildə Azərbaycanda Birinci Avropa Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının, bir neçə ildir “Formula-1” yarışlarının, “Texnofest” festivalının, ötən il isə 74-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi beynəlxalq birliyin bu qərara gəlməsinə zəmin yaratmışdır. Əlbəttə ki, hər bir beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil edilməsi ölkəmizin nüfuzunu daha da artırır. Cari ilin 24 aprel tarixində Universitetində baş tutmuş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilmiş beynəlxalq forumda iştirak edən cənab Prezident İlham Əliyev bu məqamlara xüsusi toxundu.
Bu tədbirin ölkəmizin tanıdılması baxımından da çox əhəmiyyətli olduğunu forum iştirakçılarının nəzərinə çatdıran ölkə başçısı paytaxtımızn qonaqlarının bütün tədbirlərdə olduğu kimi bu tədbirdən də məmnunluqla qayıdacağına əminlik nümayiş etdirdi. Bəli, bu gün ölkəmizin qazandığı hər bir uğur biz vətəndaşları həm sevindirir, həm də qürurlandırır. Dünyada baş verən mənfi təzahür və tendensiyalar fonunda Azərbaycanın qarşıya qoyulmuş məqsədlərə nail olması ölkəmizin qüdrətindən, onun müdrik Liderinin olmasınadan xəbər verir.
Ataş Əsədov;
Neftçala rayonu


