Ölkə Başçısı cənab İlham Əliyevin Bolqarıstana səfəri və səfər çərçivəsində imzalanan Anlaşma Memorandumu, Azərbaycanın enerji diplomatiyasının növbəti uğurudur.
Dünyanın siyasi-iqtisadi mənzərəsində yaşanan proseslər fonunda Azərbaycanın Avropa ölkələri üçün dayanıqlı enerji təminatında rolu hər ötən gün artmaqdadır. Artıq Avropanın bir çox dövlətləri Azərbaycanı bu sahədə özlərinə ən etibarlı tərəfdaş ölkə kimi qəbul edirlər. Cənub Qaz Dəhlizinin istismara verilməsi, Azərbaycanla Avropa İttifaqı arasında Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumlarının imzalanması yaranmış yeni mənzərənin bariz nümunəsidir. Enerji ehtiyatlarına nisbətən az sahib olan Balkan regionu ölkələri, o cümlədən Bolqarıstanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqda müşahidə olunan aktivlik bir daha sübut edir ki, Avropa ölkələri Azərbaycanla olan iqtisadi və siyasi sahədə əməkdaşlıqda maraqlıdır və bütün istiqamətlərdə əlaqələrin möhkəmləndirilməsi uğurla davam etdirilməkdədir. Qeyd etməliyik ki, hələ 2022-ci ilin ikinci yarısında Ölkə başçısı cənab İlham Əliyevin Bolqarıstana, Albaniyaya, Serbiya və Ruminiyaya işgüzar səfərləri və o, cümlədən qeyd olunan ölkələrin rəərlərinin Azərbaycana səfərləri nümayiş etdirir ki, artıq bu münasibətlər aktiv fazaya keçmişdir.
Qeyd etməliyik ki, bu gün Azərbaycan Balkan regionu ölkələrinin enerji təminatında vacib rola malikdir. Möhtərəm Prezident cənab İlham Əliyevin bu günlərdə Bolqarıstana reallaşan növbəti səfəri Ölkə başçısının bu ölkəyə sayca beşinci səfəridir. Səfərlər zamanı Azərbaycanla-Bolqarıstan arasında çox mühüm siyasi və iqtisadi əhəmiyyətə malik sənədlər, memorandumlar imzalanır ki, bütün bu müqavilələr də hər iki ölkə arasında iqtisadi-ticari əlaqələrin müsbət saldo üzərində inkişafına səbəb olur. Tarixi faktlara istinad etsək görəcəyik ki, hər iki ölkə arasında mövcud münasibətlərin tarixi 1990-cı illərin əvvəllərinə təsadüf edir. Bu da onu deməyə əsas verir ki, artıq münasibətlərimizin inkişaf tarixi bəlli bir dövrü əhatə edir. Bu gün hər iki ölkə arasında qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşmışdır. Ölkə Başçısı cənab İlham Əliyevin Bolqarıstana reallaşan 25 aprel tarixi səfəri zamanı imzalanan mühüm əhəmiyyət kəsb edən sənədlər və yuxarıda sadaladığımız faktıar onu deməyə əsas verir ki, möhkəm ənənələrə malik Azərbaycan-Bolqarıstan münasibətləri bundan sonra da davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir.
Şəkəralı İsmayılov;
Neftçala rayon gənci, Vətən Müharibəsi iştirakçısı


