Bu gün Quba rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun və Azərbaycan Toxumçular Assosiasiyasının təşkilatçılığı ilə Aqrar Biznes Festivalı keçirilib.
BAKU.NEWS-un bölgə müxbiri xəbər verir ki, Quba “ASAN xidmət” mərkəzində keçirilən festivalda fermerləri maraqlandıran müxtəlif kənd təsərrüfatı təyinatlı texnika və məhsullar nümayiş olunub, müxtəlif qurumların mütəxəssisləri dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində fermer və sahibkarlara göstərilən dəstək barədə məlumat veriblər.
Festivalda kənd təsərrüfatı naziri Məcnun Məmmədov stendlərlə tanış olub. Festivalda iştirak edən AgroStar şirkətinin nümayəndələri yeni məhsullarla bağlı nazir Məcnun Məmmədova məlumatlar veriblər. Qeyd olunub ki, şirkət tərəfindən fermerlərin toxuma və gübrəyə olan əlçatanlığı təmin edilir, müxtəlif layihələr həyata keçirilir.
Hazırda AgroStar şirkəti bazara AZCHEMCO brendinin yeni məhsullarını təqdim edir. Suda həll olan müxtəlif toz və maye gübrələr fermerlərə münasib qiymətlərlə təklif edilir.
Nazir Məcnun Məmmədov fermerlərin maarifləndirilməsi istiqamətində rayonda keçirilən bu cür tədbirlərin əhəmiyyəti və aqrar sahəyə öz töhfəsini verəcəyini vurğulayıb.












