İkinci Dünya müharibəsində alman faşizmi üzərində Böyük Qələbədən 78 il keçir. 1941-ci il iyunun 22-də Hitler Almaniyası keçmiş SSRİ-yə hücum etdi. Faşist Almaniyası ona tabe olan Avropa ölkələrinin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirdiyi üçün müharibənin ilk dövründə böyük qüvvələr fərqi özünü göstərirdi.
O zaman düşmənin əas məqsədlərindən biri Bakı neftinə sahiblənmək idi. Təsadüfi deyildir ki, məsləkdaşları 20 aprel 1942-ci ildə Adolf Hitlerin ad günündə ona üzərində neft buruğu və Bakının adı təsvir olunan tort təqdim etmişdilər. Həmin vaxt Hitler əlindəki svastikanı Bakını göstərən nöqtənin üzərinə qoymuşdu. Alman faşistləri 1942-ci il sentyabrın 25-də Bakının zəbt olunmasını planlaşdırmışdılar. Lakin “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı altında birləşən Sovet xalqı düşmənin hücumlarını dayandırdı, faşistlər Moskva, Stalinqrad, Kursk və başqa döyüşlərdə çox ağır və sarsıdıcı məğlubiyyətə uğradıldı, 1945-ci ildə isə tamamilə məğlub edildilər. Müharibədə 600 mindən çox azərbaycanlı cəbhəyə yollanmış, Azərbaycanda yaradılmış 416, 271, 77 və 223-cü diviziyalar bir sıra həlledici döyüşlərdə iştirak etmiş, qəhrəman döyüşçülərimiz müqavimət hərəkatında və partizan dəstələrinin tərkibində vuruşmuşdular. Onların təxminən 50%-nə qədəri alman faşizminə qarşı mübarizədə canlarını qurban vermişdilər. Stalinqrad və Baltikyanı ərazilərin azad olunmasında fərqləndiyi üçün iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov, Fransa Müqavimət Hərəkatının rəhbəri olmuş Şarl de Qollun yaxın dostu, Fransanın faşizmdən azad olunmasında iştirak etmiş Fransa qəhrəmanı Şəkili Əhmədiyyə Cəbrayılov, İtaliya və Yuqoslaviya partizanları cərgəsində qorxmaz döyüşçü kimi ad qazanmış “Mixaylo” ləqəbli Mehdi Hüseynzadə, ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov, təyyarəçi Züleyxa Seyidməmmədova, snayperçi Ziba Qəniyeva və başqalarının əziz xatirəsi həmişə yad edilir. Xüsusi qeyd edilməlidir ki, Alman faşizmi üzərində qələbə qazanılmasında Bakı neftinin rolu əvəzsiz olmuşdur. 1941-1945-ci illərdə SSRİ miqyasında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və sürtgü yağlarının 90%-ə qədəri Azərbaycanda istehsal olunurdu.
Azərbaycanlı alim Məmmədəli Hüseynovun ixtira etmiş olduğu yüksək oktanlı aviasiya benzini donmaya qarşı davamlı olduğu üçün sovet hərbi hava qüvvələrinin cəbhəboyu hava məkanında davamlı üstünlüyünü təmin etdi və bu amil qələbə qazanılmasında əhəmiyyətli rol oynadı. Yusif Məmmədəliyev həmçinin “Katyuşa” (Qrad artilleriya qurğusu) silahı üçün xüsusi mərmilər və başqa qiymətli komponentlər də ixtira etmişdir. SSRİ neft və qaz sənayesinə başçılıq etmiş N.Baybakov qələbədə Azərbaycanın rolundan danışarkən demişdir: “Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini, bəlkə də, heç bir respublika etməmişdir”. Bir çoxları kimi N.Baybakov da Bakıya “Qəhrəman şəhər” adının verilməsi arzusunda idi. Ümummilli lider Heydər Əliyev qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli mərasimdəki nitqində bu barədə demişdi: “Bu Qələbənin əldə olunmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi”. 1941-1945-ci illər müharibəsində Azərbaycanda arxa cəbhənin ön cəbhə ilə bir olması diqqətəlayiq bir hadisə idi. Belə ki, ön cəbhəyə göndərilmək üçün toxunmuş köynəklər, əlcəklər, corablar və digər isti geyimlər döyüşçülərimizin qəlbini isidir, onları qələbəyə ruhlandırırdı. Döyüşən ordunu ərzaq və digər zəruri məhsullarla təmin etmək üçün kənd təsərrüfatı və sənaye müəssisələrinin işçiləri gecə-gündüz çalışır, müdafiə fondu üçün bəzək əşyalarını təhvil verirdilər. Ümummilli lider Heydər Əliyev 9 May – Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi sahəində mühüm fərman və sərəncamlar vermişdir. İkinci Dünya müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ayrılmaz parçasıdır. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Müzəffər Prezident cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hələ 2005-ci ildə Qələbənin 60 illik yubileyinə həsr olunmuş mərasimdə cənab Prezident İlham Əliyev demişdi: “İstəyirəm biləsiniz ki, mən veteranlara bundan sonra da böyük qayğı ilə yanaşacağam. Sizin böyük xidmətləriniz olubdur, böyük yol keçmisiniz. Azərbaycan üçün, dövlətimizin inkişafı üçün böyük töhfələr vermisiniz. Hər bir vətəndaş, hər bir insan, xüsusilə, vəzifəli şəxs sizə böyük diqqət və qayğı göstərməlidir. Mən tabeliyimdə olan bütün məmurlara da tapşırmışam ki, sizin problemlərinizlə məşğul olsunlar, lazımi işləri görsünlər ki, siz rahat yaşayasınız. Sizin buna haqqınız çatır. Siz Azərbaycan xalqının rifahı naminə fədakarcasına çalışmısınız”. Xalqımızın qəhrəmanlıq salnaməsini 2020-ci il Vətən Müharibəsində misilsiz qalibiyyətli hərbi əməliyyatlarla daha da zənginləşdirən Müzəffər Ordumuz bu gün sərhədlərimizin keşiyində möhkəm dayanmışdır. Təxribatçı erməni faşizminin çirkin oyunlarına qarşı Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin sayı çoxalmışdır. Azərbaycan bu gün Laçın gömrük nəzarət postunu qurmaqla Xankəndinə silah-sursat daşıyan düşmənin bel sütununu qırmaqla böyük uğura imza atmışdır. Davamlı zəfərlərimiz bu gün Ölkəmizin nüfuzunu regional və beynəlxalq səviyyədə yüksəldir.
Ənvər Tağıyev;
Neftçala rayon ziyalısı, Şəhid atası


