Azərbaycanda 3 milyondan çox vergi bəyannaməsinin 85%-i vaxtında təqdim edilir.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda keçirilən “Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens” adlı tədbirdə bildirib.
“Kölgə iqtisadiyyatı”nın həcminin ölçülməsi üçün çoxsaylı metodologiyalar mövcuddur. Biz daha çox əlavə dəyər vergisi (ƏDV) boşluğu üzrə qiymətləndirmə aparırıq və burada müsbət dinamika müşahidə edirik. Çalışırıq ki, həm daxili metodologiyalarımız, həm də beynəlxalq standartlara cavab verən metodologiyalar vasitəsilə bu dinamikanı mütəmadi olaraq izləyək. Şəffaflaşmaya nail olmağımızın göstəriciləri nədən ibarətdir? Vergi ödəyicilərinin fəaliyyətində şəffaflıq kontekstində bir sıra məqamları müşahidə edirik. Belə ki, dövlət büdcəsinə ödənilən vergilərin 92,6 %-i könüllü şəkildə bəyan olunur. Həmçinin, 3 milyondan çox bəyannamənin 85 %-i vaxtında vergi orqanına təqdim edilir”, – deyə o qeyd edib.
Bundan başqa, vergi rəsmisi deyib ki, elektron qaimə-fakturaların biznes əməliyyatlarında qarşılıqlı tətbiq həcminə və nəzarət-kassa aparatlarının tətbiq dinamikasına baxılır: “Bu göstəricilər əməliyyatlarda şəffaflığın təmin olunmasını qiymətləndirməyə imkan verir.
Eyni zamanda, müşahidə etdiyimiz bu nəticə göstəricilərinin hansı addımların nəticəsində əldə olunduğunu da ölçməyə çalışırıq. Bu addımlara əməliyyatların sadələşdirilməsi, rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, bizneslər arasında əməliyyatların sənədləşdirilməsinin tam rəqəmsallaşdırılması daxildir. Buraya elektron qaimə-fakturaların tətbiqi, əməliyyatın digər tərəfi biznes subyekti olmadıqda belə, elektron alış aktlarının tərtib edilməsi, bəyannamələrin tam elektronlaşdırılması və vergilərin məsafədən, elektron qaydada ödənilməsi imkanlarının yaradılması da aiddir. Yəni burada əsas götürülən məqamlardan biri vergi öhdəliklərinə əməl etmə imkanlarının sadələşdirilməsidir”.
Report


