Payızlıq əkinlərin başlaması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə bölgələrdə informasiya kampaniyasına start verilib.
BAKU.NEWS xəbər verir ki, “100 kənddə 100 təlim” adı altında keçirilən kampaniya Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən həyata keçirilir. İnteraktiv formatda keçirilən tədbirlərin təşkilində məqsəd fermerlərin bilik və bacarıqlarının artırılmasına nail olmaq, onları payızlıq əkinlər ərəfəsində aqrotexniki tədbirlərin düzgün təşkili barədə məlumatlandırmaqdır. Layihə çərçivəsində 35 min fermerin təlimlərə cəlb olunması nəzərdə tutulur. Bu məqsədlə 18 rayon üzrə seçilmiş 100 kənddə Aqrar Təlim Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən təlimlərə start verilib.
İlk təlimlər Salyan rayonunun Kürsəngi, Xələc, Qarabağlı, Şorsulu kəndlərində və Neftçala rayonun Aşağı Qaramanlı kəndində keçirilib.
Fermerlərin yüksək keyfiyyətli sertifikatlaşdırılmış toxum və gübrələrə əlçatanlığını təmin etmək üçün təlim keçirilən kəndlərdə səyyar toxum və gübrə satışı da təşkil olunur.
Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə keçirilən təlimdə iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov fermerləri təlimlərdə aktiv iştiraka çağırıb. Nazir bildirib ki, fermerlərin aqrar sahənin müxtəlif istiqamətləri üzrə təlimlərə cəlb etmək nazirliyin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə Nazirlik tərəfindən illik təlim planı təsdiqlənib, plan əsasında nazirliyin müxtəlif qurumlarının əməkdaşları, o cümlədən Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən müxtəlif mövzularda sahəvi təlimlər təşkil olunur.
Tədbirdə təlim ehtiyaclarının müəyyən olunması ilə sorğu keçirilib, fermerlərin təklifləri qeydə alınıb.
“100 kənddə 100 təlim” layihəsi şətçivəsində növbəti tədbirlər gələn həftə Ağcabədi və Tərtər rayonlarında təşkil olunacaq.


