Dövlət tərəfindən yaradılmış əlverişli investisiya mühiti nəticəsində yerli şirkətlərin bərpa olunan enerji sektorunda iştirakı genişlənir. Bu çərçivədə 2025-ci ilin aprel ayında Azərbaycan Respublikası Hökuməti ilə yerli investorlar olan “Enerso Cəbrayıl” MMC və “Clean Energy Jabrayil” MMC arasında Cəbrayıl rayonunda hər biri 50 MVt gücündə “Üfüq” və “Şəms” Günəş Elektrik Stansiyaları üzrə İnvestisiya müqavilələri imzalanmış, həmin ilin oktyabr ayında isə stansiyaların təməli qoyulmuşdur.
Bu fikirləri BAKU.NEWS-a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kamal Hacıyev bildirib.
Onun sözlərinə görə, yerli şirkətlər olan “Clean Energy İnvest” MMC və “Enerso” MMC tərəfindən Naxçıvan Muxtar Respublikasında hər birinin gücü 25 MVt olmaqla ümumi gücü 50 MVt olan günəş elektrik stansiyalarının tikintisi ilə bağlı təşəbbüs irəli sürülmüşdür. Sonrakı mərhələlərdə bu layihələrin gücünün 400 MVt-a qədər artırılması planlaşdırılır. Bu məqsədlə Naxçıvanda 688 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələri ərazisi kimi müəyyən edilmişdir.
Eyni zamanda “Masdar”, bp, “Energy China”, “Power China” və “China Datang Overseas Investment Co. Ltd” kimi şirkətlər tərəfindən icra olunan bərpa olunan enerji layihələrində yerli şirkət “SOCAR Green” MMC tərəfdaş kimi iştirak edir.
Son olaraq “Clean Energy Capital” MMC ilə Energetika Nazirliyi arasında imzalanmış İcra Müqaviləsinə əsasən, Xəzər dənizində ilkin mərhələdə 200 MVt, ümumilikdə isə 600 MVt gücündə dənizdə külək enerjisi layihəsinin həyata keçirilməsi planlaşdırılır.


