“Səhiyyə xidmətlərinin əsas keyfiyyət indikatorlarından biri uyğun qiymətə effektiv dərman vasitələrinin mövcudluğudur”.
BAKU.NEWS xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev brifinqdə deyib.
T.Musayev bildirib ki, Nazirlər Kabinetinin 14 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Əczaçılıq sektorunun inkişafı üzrə Komissiya” yaradılıb: “Komissiyanın qarşısına dərman vasitələri sahəsində siyasətin və idarəetmə mexanizmlərinin, o cümlədən qeydiyyat prosedurlarının təkmilləşdirilməsi, əczaçılıq məhsullarının yerli istehsalının artırılması və digər tapşırıqlar qoyulub. Yaxın vaxtlarda Komissiyanın fəaliyyətinin yekunlarına əsasən yerli dərman bazarının tənzimlənməsinə dair təkliflər təqdim olunacaq”.
Nazir qeyd edib ki, əczaçılıq sektorunun inkişafı, dərman preparatları ilə ölkəmizin özünü təmin edə bilməsi ölkə rəhbərliyinin diqqət və nəzarətində olan məsələdir: “Son dövrlərdə Pirallahı Sənaye Parkında “RPharm” şirkətlər qrupunun istehsal kompleksinin istifadəyə verilməsi, “Diamed-Co” şpris istehsalı zavodunun yaradılması, Türkiyənin “Dəmirörən Holdinq”i ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında dərman istehsalı sahəsində investisiya yatırımına dair sazişin imzalanması bu sahənin inkişafında müşahidə olunan müsbət hadisələrdir”.
Onun sözlərinə görə, hər bir səhiyyə sisteminin effektiv fəaliyyəti üçün dərmanlara tətbiq olunan qiymətləndirmə prosesinin formalaşdırılmasının sağlam şəkildə olması dərmanlara əlçatanlığın təmin olunmasıdır.


