Azərbaycan Texniki Universitetində (AzTU) daxili idarəetməni təmin edən, tədrisin təşkilini, tədqiqatçıların və tədqiqat işlərinin bazasını özündə birləşdirən elektron platforma Universitet İdarəetmə Sistemi (UİS) qurulur.
AzTU-dan BAKU.NEWS-a bildirilib ki, yeni rəqəmsal sistem “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində hazırlanıb.
UİS-in daxilində 9 altsistem – insan resursları, tələbə qeydiyyatı, personal məlumat, tələbə-məlumat, tədrisin təşkili, təhsil haqqının ödənişi, dissertasiya mövzularının seçimi, AMAS (Akademik Məlumat Axtarış Sistemi), differensial əməkhaqqı sistemləri mövcuddur.
Dissertasiya mövzularının seçimi, AMAS və differensial əməkhaqqı sistemindən istifadə ilə bağlı AzTU-da 720 nəfər müxtəlif təlimlərdə iştirak edib. Hazırda sözügedən altsistemlər sınaq mərhələsindədir. Növbəti ildən mərhələli şəkildə istifadəyə veriləcək.
Digər 6 altsistemdən də istifadə ilə bağlı əməkdaşların təlimlərə cəlb olunması planlaşdırılır.

