TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsində Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin təşkilatçılığı ilə Bel Ağrılarına Multidisiplinar Yanaşma Simpoziumu baş tutub.
Üç paneldən ibarət olan simpoziumda bel ağrısının epidemiologiyası və kliniki müayinə metodları, bel ağrısında EMG müayinəsi, revmatoloji xəstəliklər, müalicə üsulları – bel ağrılarında fizioterapiyanın rolu, invaziv ağrı müalicələri və bu ağrılara cərrahi müdaxilələr müzakirə olunub.
Açılış nitqi ilə çıxış edən Yeni Klinikanın direktoru Barat Yusubov dərnəyin ilk tədbirinin Ulu Öndərin 100 illik yubiley tədbirləri çərçivəsində reallaşdırılmasının önəmli olduğunu vurğulayıb.
Bu gün cənab prezidentin diqqəti sayəsində tibb müəssisələrində yaradılmış müasir şərait, innovativ yeniliklər və modern avadanlıqlar sayəsində səhiyyənin günü-gündən inkişaf etdiyini deyən direktor bilik və təcrübə mübadiləsi istiqamətində ölkədə təşkil olunan elmi konfranslar, simpoziumlar, seminarların səhiyyənin inkişafında mühüm rol oynadığını qeyd edib.
Simpoziumun əsas məqsədinin insanların ən çox rastlaşdığı problemə məhz multidisiplinar yanaşmaları təqdim etmək olduğunu ifadə edən Barat Yusubov tədbirin təşkilində əməyi keçən, həmçinin iştirak edən hər kəsə təşəkkürünü bildirib.
Prof. Nailə Məmmədova, Prof. Rövşən Həsənov, Dr. Teymur Mirzəbəyli, Dr. Günel Əsgərova, Dr. Paşa Mehdiyev və TƏBİB-in icraçı direktorunun müşaviri, Yeni Klinikanın İdarə Heyətinin üzvü PHD.Dr. Pərvin Əkbərovun moderatorluğu ilə baş tutan simpoziumda həkim mütəxəssislər günümüzün aktual problemlərindən olan bel ağrılarına müxtəlif baxış bucağından fərqli, müsbət nəticəyə istiqamətlənən yanaşmalarla çıxış ediblər.
Simpozium sual-cavab sessiyası ilə yekunlaşıb.
















