“Bu gün Azərbaycanda icbari tibbi sığortanın tətbiqində hələ də ciddi boşluqlar və problemlər var: “Buna bu sahədə kifayət qədər təcrübəsi olan ölkələrin səhiyyə sistemi də əyani sübütdur. Halbuki beynəlxalq təcrübənin prioritet olacağı bildirilirdi. Əslində, məsələnin elmi tərəfinə baxdıqda ölkədə icbari tibbi sığortanın təşkili mexanizmində yanlışlıq olduğunu görürük. Çünki Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icbari tibbi sığorta sisteminə daxil olması doğru yanaşma deyil. Ümumiyyətlə, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bir-birinin tabeliyində işləməli deyil”.
Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev BAKU.NEWS-a açıqlamasında bildirib
Onun sözlərinə görə, tibbi ocaqlarına nəzarət edən qurumun icbari tibbi sığorta sisteminə daxil olmamasının elmi və praktiki əsasları kifayət qədərdir: “Səhiyyə müəssisələrinin fəaliyyətinin təşkili və onlara nəzarət sistemi həkimə, eləcə də pasiyentə təklif olunan xidmətlərin inkişafı istiqamətində bir-biri ilə pozitiv formada rəqabətə girə biləcək səviyyədə qurulmalıdır. Bu fəaliyyət bir-birinin tabeliyində yox, qarşılıqlı əməkdaşlıq şəklində təşkil edilməlidir. Məsələn, pasiyent icbari tibbi sığorta sisteminə əsasən hər hansı növ əməliyyatın qarşılığında xəstəxanaya və ya həkimə müəyyən məbləğdə pul ödəyir. Ancaq həkimin və klinikanın tabe olduğu qurum elmi cəhətdən icbari tibbi sığortanın ayırdığı məbləğin 5 il əvvəlki elmi nəticələrə əsaslanan vəsait olduğunu ortaya çıxarır. Çünki elm həmin əməliyyatın icrasının dəyişdiyini, yeniliklərin əlavə edildiyini və klinikaya da, həkimə də bu əməliyyat üçün daha çox pul ayrılmalı olduğunu sübut edir. İcbari tibbi sığorta da bunu təhlil edərək əməliyyat üçün ayrılan məbləğin qiymətini dəyişir. Bu da artıq maraqların elmi səviyyədə qorunmasına əsaslanan inkişaf olur. Ona görə də həkimin sığortaçıya tabe olmamasını bir daha vurğulayıram”.
N.Abdullayev deyib ki, son on ildə xaricdə təhsil alan gənclərdən sonrakı nəsil icbari tibbi sığortanın nə demək olduğunu başa düşür: “Onlar inkişaf potensialının olduğunu bilirlər. Ona görə də hesab edirlər ki, bu günə kimi ortaya qoyulan bəzi məsələlərdə yerinə yetirilməyən çox şeylər olduğu üçün konkret icraata keçmək lazımdır. Lakin yaşlı nəslin heç birinin icbari tibbi sığorta sisteminə inamı yoxdur. Onlar icbari tibbi sığorta sisteminin verəcəyi üstünlükdən də xəbərdar deyillər. Bunu şəxsi təcrübəm də göstərir”.
“İcbari tibbi sığorta sisteminin tətbiqindəki əsas problemlərə gəlincə, burada yüksək ixtisaslı həkimlərin malik olduqları hüquqlara və möhtəşəm həkimlik bacarıqlarına verilən qiymət xüsusi diqqət çəkir. Onların praktikada çəkdikləri əziyyətin müqabilində alacaqları məvacib yetərli deyil. Həkimlər isə icbari tibbi sığorta sistemindəki boşluqlara görə pasiyentləri özəl xəstəxanada müalicə və ya əməliyyat etməyə ciddi səy göstərirlər. Onlar xəstələrin icbari tibbi sığorta sistemi ilə gəlməməsi üçün pasiyenti fərdi qəbul etməyə üstünlük verirlər. Bu, səhiyyə etikasına görə doğru addım olmasa da, həkimləri başa düşmək lazımdır. Əgər onlar əməkləri qarşılığında kifayət qədər məvacib almırlarsa, narazılıqları olacaq. Digər məsələlər icbari tibbi sığorta sistemi yox, xəstəxanalardakı problemlərdir. Bu da icbari tibbi sığortaya dolayısı ilə təsir göstərən problemlərdir. Bu gün TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fərqli şəkildə fəaliyyət göstərsə, o zaman icbari tibbi sığorta sistemindəki problemlər daha az olacaq. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan xidmətlərin hamısı heç də səhiyyə sistemində pasiyentə təklif ediləcək həyati vacib xidmətlərin hamısını qarşılamır. Bu da ilkin mərhələdə gözləniləndir, amma ciddi problemlərə yol açır. Ümumilikdə isə peşəkar həkimlər tərəfindən icra olunmalı xidmətlərin sayı kiyafət qədər deyil və bunun da müxtəlif səbəbləri var. Xidmətlər Zərfində yer alan xidmətlərin özü və onu icra edəcək peşəkarlıq kifayət olmadıqda vətəndaşların əvvəlki kimi səhiyyə sisteminə inamsızlığı yaranır.
Düzdür, icbari tibbi sığorta sisteminin tətbiq edildiyi xəstəxanalar və tibb işçilərinə cavabdehlik daşıyan qurum olmalıdır. Ancaq bu orqan icbari tibbi sığortadan asılı olmayaraq fəaliyyət göstərməlidir. Növbəti vacib addım isə onların hər ikisinə nəzarət edən yeni sistem yaradılmalıdr. Bu sistem də yeni yaradılacaq Prezident Administrasiyasının səhiyyə məsələləri şöbəsi – Azərbaycan Respublikası Prezidentinin səhiyyə məsələləri üzrə köməkçisi üzərindən ola bilər. Həmin şöbə və şəxs də birbaşa bu işlərə nəzarət mexanizmlərini hazırlamalı və səhiyyəyə itmiş inamı bərpa etməlidir”, – həkim vurğulayıb.


