Yaşıl Kart Sistemi çərçivəsində ötən 22 187 sığorta müqaviləsi rəsmiləşdirilib və həmin müqavilələr üzrə 3.018.594 manat sığorta haqqı toplanıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosundan (İSB) bildirilib. Məlumata görə, 2021-ci illə müqayisədə ötən il sığorta müqavilələrinin sayında 37%, sığorta haqlarında isə 25% artım olub.
Ötən il, Yaşıl Kart sığorta müqavilələri üzrə ortalama sığorta haqqı 136 manat olub. 2021-ci ildə isə bu rəqəm 150 manat təşkil edib.
2021-ci il ərzində ölkə xaricində baş vermiş 233 yol-nəqliyyat hadisəsinə görə 712.397 manat, 2022-ci ilin müvafiq dövründə isə 291 yol-nəqliyyat hadisəsinə görə 910.421 manat sığorta ödənişi həyata keçirilib. Beləliklə, sığorta ödənişlərinin həcmində 28%, sayında isə 25% artım müşahidə edilib. 2021-ci il ərzində bir hadisə üzrə orta sığorta ödənişi 3.057 manat, 2022-ci il ərzində isə 3.128 manat təşkil edib. 2021 və 2022-ci illər ərzində hadisələrin baş verdiyi ölkələr əsasən Rusiya və Türkiyə olub. Rusiyada baş verən hadisələr üzrə 2021-ci ildə verilmiş orta sığorta ödənişləri 2.869 manat, 2022-ci ildə isə 3.509 manat təşkil etməklə təxminən 22% artıb.
2021- 2022-ci illərdə xarici ölkələrdə baş vermiş hadisələr üzrə ümumi zərərlilik nisbətlərində fərqlilik müşahidə olunıb. Belə ki, 2021-ci ildə toplanan sığorta haqlarının 29%-i həcmində sığorta ödənişi verilib, 2022-ci ildə isə bu rəqəm 30% təşkil edib.
Beynəlxalq Yaşıl Kart Sisteminə üzv və xaricdə qeydiyyata alınmış nəqliyyat vasitələrinin 2021-ci il ərzində ölkə daxilində törətdikləri 47 yol-nəqliyyat hadisəsinə görə 100.139,92 manat, 2022-ci ilin müvafiq dövründə isə 57 yol-nəqliyyat hadisəsinə görə 139.947,25 manat sığorta ödənişi həyata keçirilib. 2021-ci il ərzində bir hadisə üzrə orta sığorta ödənişi 2.130 manat, 2022-ci il ərzində isə 2.455 manat təşkil edib. Başqa sözlə, orta sığorta ödənişi 15% artıb.

