Bu gün Azərbaycan xalça sənətinin inkişafında böyük xidmətlər göstərmiş Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Lətif Kərimovun anadan olmasının 117-ci ildönümü tamam olur.
BAKU.ENWS xəbər verir ki, dekorativ-tətbiqi sənətimizin, xüsusilə xalçalarımızın el sənəti qaynaqları ilə bağlı olan milli cəhətlərini, eləcə də onların bədii xüsusiyyətlərini və texnologiyalarını dərindən bilən görkəmli sənətkar Azərbaycan xalçalarına əsl mənada ikinci ömür verib, onların dünya miqyasında tanıdılmasında böyük işlər görüb.
Lətif Kərimov 1906-cı il noyabrın 17-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada dünyaya göz açıb. Onun nəsli – bütün “Allahverənlər” tayfası toxuduqları qəşəng xalçaları ilə Qarabağ mahalında məşhur olublar. Onun atası Məşədi Hüseyn papaqçı, anası Telli Hacı Nəsib qızı isə Qarabağın tanınmış xalçaçılarından olub. 1912-ci ildə Kərimovlar ailəsi İranın Məşhəd şəhərinə köçüb. Burada Lətif Kərimov klassik Şərq sənəti olan kalliqrafiya üzrə təhsil almaqla yanaşı, rəssamlıq bacarığını da təkmilləşdirib.1922-ci ildə məktəbi bitirdikdən sonra Mirzə Hüseyn Ələkbərzadənin xalça emalatxanasında əvvəlcə təlimatçı köməkçisi, sonra təlimatçı, daha sonra isə rəssam kimi fəaliyyət göstərərək püxtələşib və xalça sənətinə mükəmməl yiyələnib. 1929-cu ildə Azərbaycana qayıdan Lətif Kərimov bir müddət sonra “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyində çalışıb.
Lətif Kərimov 1930-cu illərdə xalq ənənələrinə əsaslanaraq klassik xalça rəsmləri hazırlayıb və xalça sənətinə bir sıra yeniliklər gətirib. Onun təşəbbüsü ilə 1937-ci ildə Bakıda mərkəzi boyaqçılıq emalatxanası yaradılıb. Rəssam ilk dəfə olaraq xalça üçün rəng şkalasını yaradıb. O, 1945-ci ildən ömrünün sonlarına kimi Azərbaycan SSR EA-nın Memarlıq və İncəsənət İnstitutunun dekorativ-tətbiqi sənət şöbəsinə (1984-cü ildən etibarən isə xalça sənəti şöbəsinə) rəhbərlik edib. Lətif Kərimov “Azərbaycan xalçalarında ornamentlərin mənşəyi” əsərinə görə 1950-ci ildə sənətşünaslıq namizədi alimlik dərəcəsi alıb.
Onun xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1950-ci ildə SSRİ Dövlət mükafatına, 1955-ci ildə Əməkdar incəsənət xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adına layiq görülüb.


