Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Caspian Energy Club-un birgə təşkilatçılığı ilə B2G (Biznesdən Dövlətə) forumu keçirilib.
B2G forum Caspian Energy Club tərəfindən 20 ölkədə planlaşdırılan və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutub. İqtisadiyyatın həm neft, həm də qeyri-neft sektorunu təmsil edən dövlət və özəl şirkətlərin nümayəndələrinin qatıldığı forumda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov fəxri qonaq qismində iştirak edib. Bu barədə Caspian Energy Club-un İdarə heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Spiker qismində çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iştirakçıları qurumun fəaliyyət istiqamətləri barədə məlumatlandırıb. Bununla yanaşı, Vüsal Hüseynov miqrasiya sahəsində dövlət siyasətinin əsas istiqamətləri, miqrasiya qanunvericiliyinə edilən son dəyişikliklər, ölkədə baş verən miqrasiya prosesləri ilə bağlı ümumi mənzərə, habelə miqrasiya xidmətləri və miqrasiya proseslərinin idarə olunması sahəsində görülən işlər haqqında da iştirakçılara məlumat verib.
Daha sonra Vüsal Hüseynov iştirakçıların təkliflərini dinləyib, sahibkarları maraqlandıran sualları cavablandırıb.
Caspian Energy Club-un İdarə heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Vüsal Hüseynova klubun Fəxri Üzvlük Sertifikatını təqdim edib və dövlət qurumu ilə klub arasında açıq dialoq və əməkdaşlığın genişləndirilməsində yaradılan imkana görə ona təşəkkürünü bildirib.
Tədbir iştirakçıların qeyri-rəsmi ünsiyyət və layihələrin müzakirəsi üçün yaradılmış networking hissəsi ilə davam edib. Sonda Caspian Energy Club-a yeni üzv olan şirkətlərin nümayəndələrinə üzvlük sertifikatları təqdim edilib.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes – hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.


